“Prosesin gedişinə və səs fərqinə təsir edə bilməzlər” – Müxalifətin birlik çağırışına YAP-dan REAKSİYA
“Seçkiləri boykot edən siyasi qrupların nə düşündüyü və onların birləşib-birləşməmələri cəmiyyəti maraqlandırmır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “11 aprel – növbədənkənar prezident seçkiləri”nə qatılmayan müxalifət partiyalarının birgə mitinqlər təşəbbüsünə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili hesab edir ki, müxalifət qüvvələrinin nəzərdə tutduqları birgə aksiyalar seçki prosesinə təsir etməsə də, onlar öz fəaliyyətlərini qanun çərçivəsində tənzimləməkdə sərbəstdirlər:
“Qeyd olunduğu kimi həmin siyasi qruplar bu seçkidə iştirak etmirlər. Seçkiyə qatılmadıqlarına görə nə prosesin gedişinə, nə də səs fərqinə təsir göstərmək imkanında deyillər.
Onlar sadəcə, cəmiyyətin bir hissəsi olaraq, öz mövqelərini ortaya qoymağa cəhd edirlər. Bu baxımdan, nəzərdə tutulan siyasi qruplar qanunun imkan verdiyi bütün vasitələrdən istifadə hüququna malikdirlər.
Ancaq nəzərə alınmalıdır ki, bu gün Azərbaycan cəmiyyəti seçkiyə köklənib və namizədliyini irəli sürən şəxslərin arasından seçim etməyi çalışır. Açığı, seçkilərə qatılmayan, prosesi boykot edən qrupların nə düşündüyü və onların birləşib-birləşməməyi cəmiyyəti maraqlandırmır.
Seçkidə iştirak etməyən siyasi qruplar bu kampaniyaya münasibətini necə ortaya qoya bilərlər? Mən bu mənada deyirdim ki, seçkiləri boykot edən qrupların mövqeyi cəmiyyət üçün maraq kəsb etmir.
Bununla belə, onlar qanunun icazə verdiyi bütün formalarda öz fəaliyyətlərini tənzimləməkdə sərbəstdirlər”.
Qeyd edək ki, müxalifətin radikal cinahını təmsil edən Milli Şuranın cədri Cəmil Həsənli bir neçə gün əvvəl Müsavat Partiyası və ReAl hərəkatına seçki kampaniyası dövründə birgə kütləvi aksiyaların təşkili ilə bağlı müraciət ünvanlayıb.
Lakin nə Müsavat, nə də ReAl bu müraciətə hələlik, qəti cavab verməyiblər.
A. Zeynalov