Psixopatlar üçün CİNAYƏT MOTİVASİYASI: “Belə halların sosial şəbəkələrdə geniş təbliği…”

“O şəxslər cinayətə meylli olsalar da, özlərini cəmiyyətdə mülayim, hörmətli insanlar kimi göstərməyə çalışırlar”.

Bu fikirləri son günlər baş verən səs-küylü cinayət hadilərinin törədilməsində psixoloji faktorların təsirini dəyərləndirən psixoloq Aynur İsmayılova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uşaqlıq və ya yeniyetməlik dövründə hər hansı travma alan şəxslərdə tədricən cinayətə meyllilik yaranır:

“Cinayətkar hadisə törətdiyi zaman həmin anın fərqində olmadığına görə həyatına son verdiyi şəxsi keçmişdə tanıdığı, ona psixoloji travma vermiş ailəsinin hər hansı bir üzvü kimi qəbul edir. Cinayət törədən şəxslər əksər hallarda uzun müddət özlərinə qapanmaqla, törətdikləri hadisəni gizlətməyə çalışırlar.

Uşaqlıq dövründə travma alan şəxslər qapalı, assosial insanlar olsalar da, onların daxili hər zaman təlatümlüdür. O baxımdan, sevmədikləri istənilən cüzi bir məsələni şirirdərək cinayət törətməyə meylli olurlar. Minimal ehtiyacları ödənməyən, çox qadağa qoyulan, ifrat dərəcədə şiddət görən, adi bir səhvə görə çox sərt şəkildə cəzalandırılan və müntəzəm döyülən uşaqların psixologiyası gələcəkdə hətta öz ailə üzvlərini öldürməkdən çəkinməyəcək qədər pozulur.

Ümumiyyətlə, cinayət hadisələrinin sosial şəbəkələrdə geniş təbliği psixi problemli insanlarda belə hərəkətlər üçün motivasiya yaradır. Nəticədə onlar aldıqları psixoloji travmanı illərlə içlərində cücərdərək adi xoşagəlməz hal baş verəndə belə, silaha əl atırlar. Dediyim kimi, psixopatlar cinayətə meylli olsalar da, özlərini cəmiyyətdə mülayim, hörmətli insanlar kimi göstərməyə çalışırlar. Cəmiyyətdə psixopat insanların yetişməməsi üçün erkən uşaqlıq, yeniyetməlik dövründə valideynlər övladlarının davranışlarına ciddi nəzarət etməlidirlər”.

İsmayıl Bakuvi

COP29