Fransanın PSJ klubu növbəti səs-küylü transferini rəsmiləşdirib.
Yenicag.az xəbər verir ki, Paris təmsilçisi gənc hücumçu Kilian Mbappeni heyətinə cəlb edib. Bu barədə Liqa 1 klubunu rəsmi saytı məlumat yayıb. Son Fransa çempionu “Monako”dan alınan futbolçu yeni klubunda hələlik, icarə əsasında çıxış edəcək.
Belə ki, Paris klubu 18 yaşlı forvardı 30 iyun 2018-ci il tarixinə qədər icarəyə götürüb.
Müddət başa çatdıqdan sonra PSJ oyunçunun transfer hüququnu da alacaq. Tərəflər arasında 5 illik müqavilə ilə bağlı razılıq əldə olunub. Parislilər bu transfer üçün “Monako”ya 180 milyon avroya təzminat ödəyəcəklər.
Mbappe geridə qalan mövsümdə Fransa çempionatının ən yaxşı gənc futbolçusu seçilib. O, artıq Fransa yığmasında da dörd oyun keçirib.
Xatırladaq ki, PSJ bir müddət öncə də İspaniyanın “Barselona” klubundan braziliyalı hücumçu Neymarı 222 milyon avroya transfer etməklə yeni dünya rekordu müəyyənləşdirmişdi.