!Reklam

Adətən belə olur ki, lideri dünyaya mənsub olduğu dövlətin gücü və qüdrəti tanıdır. Coğrafi baxımdan böyük olmayan ölkələrin nümunəsində isə nadir şəxsiyyətlərə nəsib olur ki, onlar mənsub olduqları xalqı və rəhbərlik etdikləri dövləti dünyaya tanıtdıra və saydıra bilsinlər. Bütün ictimai-siyasi formasiyalar dönəmində bu, belə olub. Ümumi qaydadan istisnalar yalnız o halda baş verir ki, say tərkibindən və coğrafi ölçüsündən asılı olmayaraq, xalq xilaskarlıq və qalibiyyət missiyasını yerinə yetirməyə qadir olan tarixi şəxsiyyətini yetişdirir. Elə şəxsiyyəti ki, onun üçün xalqın və dövlətin maraqları bütün maraqların fövqündə dayanır. Uinston Çörçill dəyərli kəlamlarından birində deyirdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.