Pul qarşılığında hərbi xidmətdən AZAD OLMAQ: “Regiondakı ümumi vəziyyətdən asılı olaraq…”

 

“Qeyd olunan istiqamətdə görülən tədbirlərin real nəticələrini biz artıq müşahidə etməyə başlamışıq”.

Bu fikirləri Azərbaycanda qanunvericiliyə ediləcək mümkün dəyişiklik nəticəsində müəyyən ödəniş əsasında hərbi xidmətdən azad olmağın reallıq dərəcəsini şərh edən ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indi gündəmdə olan əsas məsələ müxtəlif yollarla hərbi xidmətdən yayınanların bu cəhdlərinin qarşısının alınmasıdır:

“Mövcud şəraitdə Azərbaycanda nə dövlət, nə də ictimaiyyət səviyyəsində ödənişli əsaslarla hərbi xidmətdən azad olunma məsələsi müzakirə edilmir. Gündəmdə olan əsas məsələ müxtəlif yollarla hərbi xidmətdən yayınanların bu cəhdlərinin qarşısının alınmasıdır.

Qeyd olunan istiqamətdə görülən tədbirlərin real nəticələrini biz artıq müşahidə etməyə başlamışıq. Başqa sözlə desək, ötən dövrlərdə valideyn, səfərbərlik xidmətinin əməkdaşı və həkimdən ibarət üçtərəfli sövdələşmə əsasında bəzi çağırışçıların hərbi xidmətdən yayınmaları mümkün olurdu.

Hazırda isə biz həmin şəxslərin hərbi xidmətə cəlb olunmaları istiqamətində təsirli tədbirlərin həyata keçirildiyini görürük. Hərbi xidmətdən ödənişli əsaslarla azad olunma məsələsi yaxın illərdə, yəqin ki, müzakirə edilməyəcək. Bu məsələ yalnız beş-on il sonra, o da regiondakı ümumi hərbi-siyasi vəziyyətdən asılı olaraq, gündəmə gələ bilər”.

Nuray Məmmədzadə

COP29