Putin ABŞ və Avropanı necə toqquşdaracaq? – Trampın diqqəti Berlinə yönəlib

“Rusiya prezidentinin Almaniyaya səfəri daha çox Vaşinqton-Berlin ziddiyyətlərini daha da dərinləşdirməyə hesablanıb”.

Bu fikriləri Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Almaniyaya gözlənilən səfərinin məqsədini və mümkün nəticələrini şərh edən politoloq Elşən Manafov deyib.

Elşən Manafovun sözlərinə görə, Rusiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirməyə çalışan Almaniya ABŞ-ın ciddi təzyiqləri ilə üzləşib:

“Rusiya prezidenti Vladimir Putinin Almaniyaya səfəri çərçivəsində hər iki tərəfin marağında olan ciddi məsələlər müzakirə olunacaq. Bildiyiniz kimi, Almaniya kansleri Angela Merkel də Fransa prezidenti Makron kimi Trampın İrana qarşı sanksiyalara qoşulmaq təklifinin əleyhinə çıxıb. İkinci tərəfdən, Almaniya ABŞ-ın etiraz etdiyi “Şimal axını” layihəsinə də böyük maraq göstərir.
ABŞ başa düşür ki, Avropa İttifaqı ilə Rusiya arasında enerji sahəsində əməkdaşlıq genişləndikcə, həmin bu quruma daxil olan dövlətlərin Moskvadan enerji asılılığı da artır. ABŞ Avropanın əsas neft-qaz təminatçısı olmağa can atır və Rusiyanı həmin bazardan sıxışdırmağı düşünür.
Hazırda Rusiyanın dövlət büdcəsi əsasən məhz neft və qaz ixracatı hesabına formalaşır. O baxımdan, qeyd olunan görüşdə Putinin Almaniya ilə ABŞ arasında yaranan anlaşılmazlıqlardan yararlanmağa çalışacağını deyə bilərik”.

Politoloq bu fikirdədir ki, Merkel-Putin danışıqlarında ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar da diqqət mərkəzində olacaq:

“Almaniyanın özündə də transmilli şirkətlər Rusiyaya yönəlik bu sanksiyalardan heç də məmnun deyillər. Çünki həmin şirkətlər bu proses nəticəsində böyük itkilərə məruz qalıblar. Ona görə də ABŞ sanksiyalarının ya yumşaldılmasını, ya da aradan qaldırılmasını istəyirlər. Sözsüz ki, Putin Merkellə görüşdə məhz bu məsələləri qabardaraq, Berlinlə Moskvanın mövqelərini yaxınlaşdırmağa cəhd edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Almaniyaya səfəri avqustun 18-nə planlaşdırılıb.

ELÇİN

COP29