Putin Avropanı QORXUDUR: “İsteriyadan başqa bir şey deyil”

Rusiyalı müxalif hərbi ekspert Yan Matveyev RS-26 raketinin Ukraynada tətbiqi ilə bağlı müzakirələrə münasibət bildirib. Onun sözlərinə görə, bu cür xəbərlər nüvə müharibəsi qorxusu ətrafında yaranan isteriyadan başqa bir şey deyil.

Yenicag.az xəbər verir ki, o, bu barədə öz bloqunda paylaşım edib.

Ekspert qeyd edib ki, RS-26 raketinin Ukraynada istifadəsi ilə bağlı səsləndirilən iddiaların əsası yoxdur:

“RS-26 raketi ilə bağlı yayılan məlumatlar, əslində, nüvə müharibəsi qorxularını artırmağa yönəlib. Bu raketin strateji səviyyəli silah olduğu daha çox ehtimal edilir. Onun tətbiqi ümumi vəziyyətə həlledici təsir göstərməyəcək. RS-26 raketi taktiki deyil, strateji xüsusiyyətlərə malikdir və onun istifadəsi üçün real hərbi zərurət görmürəm”.

Analitik bildirib ki, RS-26-nın zərbə gücü, əslində, X-22 və ya FAB-1500 hava bombası ilə müqayisədə daha təsirli deyil:

“Bu silahlar dəfələrlə Ukraynaya qarşı istifadə olunub, lakin vəziyyəti dəyişdirə bilməyiblər. RS-26 raketi isə maksimum yarım ton yük daşımaq gücündədir. Bu baxımdan onun istifadəsi də hərbi cəhətdən heç bir həlledici nəticə verməyəcək”.

Matveyev əlavə edib ki, RS-26 “Rubej Yars” kompleksinin yeni modifikasiyasıdır və onun texniki göstəriciləri məxfidir. Bu səbəbdən də onun istifadəsi ciddi risklər doğura bilər:

“Əgər bu silah tətbiq olunsa, ABŞ başda olmaqla Qərb ölkələri onun texnologiyasını öyrənmək üçün geniş imkan əldə edəcək. Bu, Rusiyanın hərbi strategiyası baxımından zərərli nəticələr doğuracaq. Buna görə də hesab edirəm ki, bu tip xəbərlər yalnız qorxu və panika yaratmaq məqsədi daşıyır. Rusiya bu silahın istifadəsinə getməyəcək”.

Qeyd edək ki, müxtəlif hərbi ekspertlər və analitiklər bu fikirləri dəstəkləyir. Onlar RS-26 raketinin istifadəsi ilə bağlı xəbərləri münaqişə bölgəsində onsuz da gərgin olan atmosferi daha da qızışdırmağa yönəlmiş təbliğat adlandırırlar.

Tərcümə: Rafi Müslümov

COP29