“Putin bloku”nda DAXİLİ MÜHARİBƏ: “Onlar öz aralarındakı mübahisələri hələ bitirməyiblər” – Hərbi ekspert

“NATO-nun Yunanıstan sahillərindən Rusiyanın strateji obyektlərinə zərbə endirmək imkanları mövcuddur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Tacikistanla Qırğızıstan arasında baş verən qarşıdurmaya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyevin sözlərinə görə, KTMT heç bir halda NATO ilə rəqabət aparmaq gücündə deyil:

“KTMT-nin NATO-ya alternativ kimi yaradıldığı iddia olunsa da, o qurumun Şimali Atlantika blokuna qarşı mübarizə imkanı çox məhduddur. Elə oraya üzv olan ölkələrin özləri də ağıllarından belə keçirmirlər ki, nə vaxtsa NATO-nun əməliyyatlarına və onun planlarına reaksiya verə bilərlər.

Əslində, Rusiya ilk zərbələri özünün deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının alması üçün bufer zona yaradıb. KTMT-nin mövcud olduğu təqribən son 30 ilə nəzər salsaq, görəcəyik ki, Rusiya nədən çəkinibsə, nəyə etiraz edibsə, NATO məhz onu həyata keçirib.

Məsələn, Moskva NATO-nun Şərqi Avropaya genişlənməsinə qarşı çıxırdı, amma indi həmin regionda NATO-ya üzv olmayan ölkə qalmayıb. Rusiya tərəfindən Avropada raket əleyhinə sistemlərin yerləşdirilməsindən ciddi narahatlıq ifadə olunub, lakin hazırda NATO-nun raketləri Kremldən 400 kilometrlik məsafədədir.

ABŞ-ın döyüş gəmilərində 2 400 kilometr məsafəyə uçan raketlər var. Bu isə o deməkdir ki, NATO-nun Yunanıstan sahillərindən Rusiyanın strateji obyektlərinə zərbə endirmək imkanları mövcuddur. Qüvvələr nisbətində ciddi fərq yaranıb və bu fərqi aradan qaldırmaq Rusiyanın imkanı xaricindədir. Bu baxımdan, KTMT, həqiqətən də, “ölü doğulmuş” təşkilatdır”.

KTMT üzvləri olan Qırğızıstan və Tacikistan arasında baş verən silahlı toqquşmalara gəldikdə isə hərbi ekspert bunları deyib:

“İki ölkə arasında baş verənlər onu göstərir ki, KTMT dayanıqlı birlik deyil. Məlumdur ki, hərbi bloklar ümumi düşmənə qarşı mübarizə aparmaq üçün yaradılır. Burada isə blokun iki üzvü lokal müharibə aparır. Düşünürəm ki, iki ölkə vəziyyətdən çıxmaq üçün yol tapacaq.

Ancaq vəziyyətin bu həddə gəlib çıxması onu göstərir ki, KTMT üzvləri öz aralarındakı mübahisələri hələ bitirməyiblər ki, ümumi düşmənə qarşı birlikdə dayan bilsinlər. “Ölü doğulmuş təşkilat” deyəndə həm də bunu nəzərdə tuturdum”.

Səxavət Məmməd