!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin Ərdoğanı qabaqlamaq istəyir?” – Sərkisyanın Rusiyaya çağırılma səbəbi...

!Reklam – Yazi

“Sərkisyanla müzakirələrdən sonra Putinin İlham Əliyevlə yeni görüşə təşəbbüs edəcəyi istisna deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyaya avqustun 23-də başlayacaq səfərinin mümkün nəticələrini şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu deyib.

Əhmədoğlunun fikrincə, Sərkisyanın Rusiyaya çağırılmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin həlli variantının müzakirəsidir:

“Əvvəla onu nəzərə alaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri ilə Sərkisyanın həmin ölkəyə gedişini müqayisə etmək düzgün deyil.

Bildiyiniz kimi prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin tərəfindən səfərə dəvət olundu və dövlət başçılarının görüşündə Çindən Aralıq dənizinə qədər olan geniş coğrafiyada cərəyan edən proseslərlə bağlı müzakirə aparıldı.

Sərkisyanın səfərinin gündəliyi isə fərqlidir. Rəsmi qaydada hansı məsələlərin müzakirə olunacağı açıqlansa da, Putinlə Sərkisyanın görüşündə diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, konkret desək, İrəvanın irəli sürülmüş variantın həllinə razı salınması olacaq. Bundan sonra Putinin İlham Əliyevlə yeni görüşə təşəbbüs edəcəyi istisna deyil.

Məlumdur ki, hazırda Ermənistan hakimiyyəti Qərblə yaxınlaşmaq istiqamətində manevrlər etməkdədir və bu da Rusiyanı razı sala bilməz. Ona görə də Moskva Ermənistan Qərbin təsirinə düşmədən Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına çalışır. Əmin olun ki, Sərkisyan Putinin bu təklifini qəbul etməsə, Ermənistana çox ağır qulaqburması veriləcək”.

Politoloq bu kontekstdə Türkiyənin Gömrük İttifaqına qoşulmaq niyyətini də dəyərləndirib:

“Burada vəziyyət bir qədər fərqlidir. Açıq deyək: Türkiyə də, Rusiya da Qarabağ münaqişəsinin həllində maraqlıdırlar. Ancaq hər iki ölkə münaqişənin məhz onun planı əsasında nizamlanmasına çalışır. Putin indiki ərəfədə bu istiqamətdə fəallığı artırmaqla, ola bilər ki, sentyabrda Bakıya səfər edəcək Ərdoğanı qabaqlamaq istəyir”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv