!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin ermənilərə görə Nazarbayev və Lukaşenkoya etiraz etməyəcək” – Sultanbek Sultanqaliyev

!Reklam – Yazi

“Ermənistanın Avrasiya İttifaqı və KTMT-dən çıxması Rusiyanın xeyrinədir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ermənistanda keçirilmiş erkən parlament seçkilərindən sonra proseslərin mümkün inkişafını dəyərləndirən Qazaxıstanlı politoloq Sultanbek Sultanqaliyev deyib.

– Ermənistanın yeni hökumətinin Qərbə meyllənəcəyi və ya Rusiyaya sadiq qalacağına dair vahid fikir yoxdur. Sizcə, Paşinyan Ermənistanı hansı istiqamətə yönəldəcək?

– Aydın məsələdir ki, Paşinyan Kremllə manipulyasiya etməyə çalışacaq. Əgər Putinin sərt baxışları olmasa, onun bu cəhdləri nəticə verə bilərdi. Hazırda Paşinyanın Ermənistanı Avrasiya İttifaqı və KTMT üçün “Troya atı”na çevrilib. Paşinyan Ermənistanı bu ittifaqlardan çıxarmayacaq. Onun məqsədi həmin birliklər daxilində nifaq və parçalanma salmaqdır. Qazaxıstan və Belarus onun bu cəhdlərinə çətinliklə dözürlər. Bu yanaşma KTMT-nin Astana sammitində də özünü göstərdi. Doğrudur, həmin qurumlarda Rusiya çox sanballı mövqeyə malikdir. Lakin Nazarbayev və Lukaşenko Ermənistanı KTMT-dən çıxarmaq istəsələr, Putinin böyük həmkarlarının bu qərarına etiraz etməsi çətin olacaq.

Rusiya dini faktor və erməni diasporu vasitəsilə Ermənistandan bərk tutub. Həmçinin Rusiya Azərbaycanın ona qarşı qeyri-loyallığından da ehtiyatlanır. Azərbaycan Avrasiya İttifaqı və KTMT-yə qoşulacaqmı? Azərbaycan Ermənistanın da o qurumlardan çıxacağı təqdirdə heç olmasa, həmin təşkilatlarda müşahidəçi statusunu saxlayacaqmı? Moskvanın buna təminatı yoxdur. Ona görə də, hesab edirəm ki, Qafqazda heç olmamaqdansa, bir pis müttəfiqin mövcudluğu yaxşıdır.

Paşinyan birmənalı Qərbyönümlü siyasətçidir və Qərbdən nə desələr, onu da edəcək. Əgər Ermənistan Azərbaycanın müharibəni bərpa etməsinə nail olsa, o zaman KTMT-də partlayış olacaq. Bu halda bizim ölkələr Azərbaycana qarşı hərbi kontingent göndərməlidirlər. Nazarbayev, Lukaşenko və Jeyenbekov isə türk xalqı ilə savaşmaq istəmir. Bunu Putin də istəmir. O baxımdan, fikrimcə, ən yaxşısı hələ ki Paşinyanı “öz axışı”na buraxmaqdır.

– Rusiyalı ekspertlər Paşinyanı sərt tənqid edirlər. Doğrudanmı, Rusiyanın tam nəzarətində olan ölkədə hər şey Moskva üçün belə pisdir?

– Rusiyanın Ermənistan üzərində heç bir nəzarəti yoxdur. Bu, mifdir. Belə bir şey olsaydı, Qarabağ münaqişəsi artıq öz həllini tapar və Paşinyan da hakimiyyətə gəlməzdi. Qarabağ münaqişəsi Rusiyaya lazım deyil. Çünki bu münaqişə nəticəsində Rusiya Cənubi Qafqazda – istər Ermənistanın, istərsə də Azərbaycanın nəzərində siyasi xallar itirir. Ona görə də münaqişənin dinc yolla həlli Rusiyanın da marağındadır. Rusiya nə Azərbaycanda, nə də Ermənistanda siyasi proseslərə təsir edə bilmir.

– Paşinyan Ermənistanın istiqamətini dəyişərsə, Rusiyanın bunun qarşısını almaq üçün hazır planları var?

– Ermənistandakı seçkilərin nəticələri göstərir ki, o ölkə artıq öz orientasiyasını dəyişib. Məncə, Moskvada hələ də başa düşmürlər ki, Ermənistanın Avrasiya İttifaqı və KTMT-dən çıxması Rusiyanın xeyrinədir. Hətta Ermənistana şərait yaratmaq lazımdır ki, o addımı atsın. Ermənistanın Avrasiya İttifaqından götürdüyü fayda, o cümlədən hərbi təhlükəsizlik təminatı kəsilən kimi ermənilərin Tramp və Paşinyanla necə yaşadıqlarına kənardan baxmaq maraqlı olacaq.

– Ermənistanın Qərbə istiqamətlənməsi Qarabağ münaqişəsinə necə təsir edəcək?

– Yəqin ki, müsbət təsir göstərəcək. O zaman BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı məlum qətnamələrini yerinə yetirməsi üçün Ermənistana təzyiq göstərmək mümkün olacaq. Rusiya öz seçimini etməlidir: Ya Bakı, ya da İrəvan. Üçüncü variant yoxdur.

– Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərə görə Qazaxıstanı və Belarusu şantaj edir. Nazarbayev və Lukaşenko Ermənistan mediasının hədəfindədir. Ermənistanın Avrasiya İttifaqında təmsilçiliyi Avrasiya İttifaqı ilə KTMT-yə nə verir? Eyni zamanda, həmin qurumlar Azərbaycanın o təşkilatlara qoşulmamasından nə itirir?

– Qazaxlar, qırğızlar və belaruslar Ermənistanın həmin ittifaqlardan çıxmasına görə ağlayıb-sızlamayacaqlar. Bu fikirdəyəm ki, Ermənistanın o təşkilatlara qoşulması təsisçilərin səhvi idi. Məlum deyil, Kremldə başa düşəcəklərmi ki, türklərlə dostluq Qafqaz xristianlarını dəstəkləməkdən daha vacibdir. Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə qoşulması bizim ölkələrimizin xeyrinədir. Bu addım həm də Azərbaycan və Qazaxıstanla yanaşı Rusiya ilə də sürətlə yaxınlaşan Türkiyə üçün siqnal olacaq. Türk dövlətləri ilə Rusiyanın ittifaqı beynəlxalq vəziyyəti dəyişdirə bilər.

Qafqaz Ömərov

www.yenicag.az

2517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv