Mayın 14-də Prezident Vladimir Putin Rusiyanın yeni hökumətinin tərkibinin təyin edilməsi haqqında fərmanlar imzalayıb.
Yenicag.az xəbər verir ki, dövlət başçısı baş nazirin 10 müavinini və 21 nazirin namizədliyini təsdiqləyib.
Baş nazirin yeni müavinləri Nəqliyyat Nazirliyinə rəhbərlik edən Vitali Savelyev və Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edən Dmitri Patruşev olub. Əvvəllər baş nazirin müavini və sənaye naziri vəzifələrində çalışmış Denis Manturov baş nazirin birinci müavini olub. Dmitri Qriqorenko baş nazirin müavini – hökumət aparatının rəhbəri vəzifəsini davam etdirəcək. Baş nazirin müavinləri Tatyana Qolikova, Aleksandr Novak, Aleksey Overçuk, Yuri Trutnev, Marat Xusnullin və Dmitri Çernışenko da öz vəzifələrini qoruyublar.
Dövlət başçısı federal nazirlərin namizədliyini də təsdiqləyib. Əvvəllər baş nazirin birinci müavini postunu tutan Andrey Belousov müdafiə naziri olub. Təhlükəsizlik nazirliklərinin və xidmətlərinin qalan rəhbərləri, eləcə də xarici işlər naziri Sergey Lavrov hökumətdəki vəzifələrini qoruyublar./Azertag/