“Dolların bahalaşma tendensiyası hələ davam edəcək”.
Rusiyalı iqtisadçı Vasili Koltaşov Yenicag.ru-ya müsahibəsində Rusiya iqtisadiyyatının mövcud durumunu və və Avrasiya İqtisadi İttifaqının (Aİİ) perspektivini dəyərləndirib
– Rusiya iqtisadiyyatının indiki vəziyyətini necə qiymətləndirirsiz?
– Medvedyevin vaxtında Rusiya iqtisadiyyatı katastrofik dərəcədə zəiflədi. Bu, tək neftin ucuzlaşması ilə deyil, həm də hökumətin liberal iqtisadi siyasəti ilə bağlı oldu. Yəni hökumət son illərdə müşahidə olunan yeni tendensiyalara hər hansı reaksiya verməkdən imtina etdi. Bundan başqa, hökumət neftin bu qədər ucuzlaşacağını gözləmədiyi üçün ciddi iqtisadi proseslərə də əhəmiyyət vermədi. Nəticə də göz qabağındadır: neftin qiyməti düşüb, rubl isə iki dəfə dəyər itirib. Başqa sözlə desək, bu müddət ərzində Rusiyada həyat səviyyəsi iki dəfə aşağı düşüb.
Ona görə də Rusiya iqtisadiyyatının inkişafı haqqında danışmağın yeri yoxdur. Düzdür, hazırda iqtisadiyyatda bir “dirilmə” müşahidə olunur. Ancaq daşınmaz əmlak və avtomobil bazarlarına baxsaq, bu seqmentlər üzrə göstəricilərin 2013-cü illə müqayisədə xeyli aşağı düşdüyü görünür.
Lakin bu “dirilmə”ni böhrandan çıxış və ya uğurlu inkişafla əlaqələndirmək mümkün deyil. Bununla belə, vurğuladığımız canlanma cəmiyyətdə müəyyən sabitlik yaradıb. Ancaq bu sabitlik də cəmiyyətin gələcəklə bağlı əndişələrini aradan qaldırmayıb. Əgər Rusiyada yenə də liberal hökumət kabinəsi olacaqsa, o halda iqtisadiyyatda ən gözlənilməz nəticələrin şahidi olacağıq. Çünki o kabinə kənar iqtisadi təsirlərə hazır olmayacaq.
– Avrasiya İqtisadi İttifaqının gələcəyini necə görürsünüz?
– Bu qurum artıq “bayılma” həddində yox, ölümqabağı ərəfədədir. Bu işlərlə məşğul olan məmurların nə demələrindən asılı olmayaraq, açıq görünür ki, Belarus və Qazaxıstan Qərblə işbirliyindədirlər. Qazaxıstan bunu üzləşdiyi təzyiqlərə görə edir, Belarus isə özü Avrasiya İttifaqından çıxmaq istəyir. Ermənistana gəldikdə isə bu ölkədəki vəziyyəti proqnozlaşdırmaq getdikcə daha da çətinləşir. Çünki Ermənistan hazırda Avropa İttifaqı ilə yaxınlaşmağın yollarını axtarır. Nəticədə Ermənistanda hər hansı iqtisadi artım olmasa da, bu gedişat Avrasiya İqtisadi İttifaqı üçün ciddi zərbədir.
– Mövcud şərtlərdə dolların bahalaşma tendensiyası haqda nə deyə bilərsiz?
– Fikrimcə, dolların bahalaşma tendensiyası qarşıdakı orta müddətdə hələ davam edəcək. Biz neft bazarının “oynamasına” hazır olmalıyıq. Aydın məsələdir ki, xammal bazarında vəziyyət bir anda dəyişə bilər. Yəni xammal bazarında qiymətlərin kəskin azalması ilə dollar bahalaşa bilər və bu da bizdən ötrü 2014-15-ci illərdəki proseslərin təkrarı olacaq.
Ölkənin dolların yenidən bahalaşmasına yönəlik heç bir hazırlığı yoxdur. Neftin dünya bazarında yenidən ucuzlaşacağı şübhə doğurmur. Rusiyanın timsalında problem bundan ibarətdir ki, bizim rəhbərlik hadisələrin belə inkişafına hazırlaşmır. Düşünürlər ki, böhran artıq geridə qalıb. Ancaq mən bu fikirdəyəm ki, qarşıdakı illərdə bizi dərin sarsıntılar gözləyir”.