Rusiya Prezidenti Vladimir Putin OPEC+ sazişinin müddətinin uzadılması ilə bağlı rəsmi Moskvanın fikirlərini açıqlamayıb, amma əvəzində qərar qəbul edilərkən bir sıra amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Yenicag.az xəbər verir ki, o bunu beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
“Bütün şərtləri, hər bir vəziyyəti – İranda, Venesuelada hasilatın azalmasını, Liviyada, Nigeriyadakı problemləri nəzərə almalıyıq. Eyni zamanda, yayda istehlakın artdığını da bilmək lazımdır”, – deyə Putin söyləyib.
OPEC ölkələri və təşkilata daxil olmayan bir sıra başqa ölkələr (OPEC+) 2016-cı ilin sonunda neft hasilatının 2016-cı ilin oktyabr ayının göstəricisindən gündəlik 1,8 milyon barel azaldılmasına razı olublar. Daha sonra 2018-ci ilin iyun ayında – ABŞ-ın İrana qarşı sərt sanksiyalarının gözlənildiyi anda qiymətlərin qəfil yüksəlməsi ilə əlaqədar hasilatın gündəlik 1 milyon barel artırılması qərara alınıb. Lakin ABŞ-ın İran neftinin alıcıları üçün gözlənilməz geniş istisnalarından sonra alyans hasilatın azaldılması sazişinə geri dönüb – bu, 2019-cu ilin birinci yarısı üçün 2018-ci ilin oktyabr ayının səviyyəsindən 1,2 milyon barel az olaraq nəzərdə tutulub. İyunda Vyanada OPEC və OPEC+ ölkələrinin nazirlər iclası keçiriləcək və dövlətlər sazişin gələcək perspektivlərini müəyyənləşdirəcək./Report/