Son 10 ildə Rusiya iqtisadiyyatında dövlət sektorunun payı iki dəfə artıb.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya dövlət şirkətlərinin Ümumi Daxili Məhsulda (ÜDM) payı 2005-ci ildə 35 faiz olduğu halda, 2015-ci ildə bu göstərici 70 faizə yüksəlib.
Rusiyada dövlətin iqtisadi sektordakı payı SSRİ dönəmindəki göstəriciyə yaxınlaşmaqdadır. Bunu dövlət sektorunun ÜDM-də payının son 10 ildə 2 dəfə artması da təsdiqləyir.
Rusiya iqtisadiyyatında müşahidə olunan bu davamlı tendensiyanı sərt tənqid edən Qərb mediası ölkənin sürətlə Sovet dövrünə qayıtdığını yazıb.
Baş ofisi Vaşinqtonda yerləşən Atlantika Şurasının eksperti Anders Auslundun fikrincə, Rusiya iqtisadiyyatında dövlətin iştirakının artması korrupsiya üçün daha münbit şərait yaradaraq, ictimai-siyasi fəallığa mənfi təsir göstərir.
Aslundun sözlərinə görə, Rusiyanın “Gazprom” və “Rosneft” kimi dövlət şirkətləri müasir infrastruktura malik qurum təəssüratı yaratsa da, əslində, həmin kompaniyalar məhdud çevrəli cinayətkar ortaqlar tərəfindən idarə olunur.
Keçmiş “KQB” təmsilçiləri, nazirlər və yüksək vəzifəli şəxslərdən ibarət olan o qrupun üzvləri özlərini Putinin şəxsi nümayəndələri kimi aparırlar.
Auslund əlavə edib ki, “Gazprom” və “Rosneft” dövlət şirkətləri olsa da onların idarəediciləri cəmiyyətin deyil, öz maraqlarını əsas götürürlər.
Bu mexanizmin dövlət kapitalizmindən fərqləndiyini vurğulayan ekspert Rusiyada yaranmış mövcud vəziyyəti “neofeodalizm” adlandırıb.
Yeniçağ.Az