Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən etiraz aksiyasalarına münasibət bildirib.
Yenicag.az xəbər verir ki, Putin fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında Rusiyadakı etiraz aksiyalarını şərh edib.
Onun sözlərinə görə, vəziyyəti qarşıdurmaya gətirib çıxarmağa heç kəsin haqqı yoxdur, günahkarlar isə cəzalarını almalıdırlar: “Moskvadakı etirazlar seçki dövrü ilə bağlıdır. Belə ki, sentyabrda hakimiyyətin regional orqanlarına seçkilər keçiriləcək. Vətəndaşların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq öz sakit etiraz etməyə haqları var. Hakimiyyət buna mane olmamalıdır. Lakin heç kəsin, nə hakimiyyətin, nə də bir qrup vətəndaşın qüvvədə olan qanunları pozmağa, vəziyyəti absurd səviyyəyə, ya da hakimiyyətlə qarşıdurmaya gətirib çıxarmağa haqqı yoxdur. Bu qanun pozuntusudur və bunu edənlər Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar”.
Putin iyul və avqust ayındakı aksiyaların hakimiyyətlə razılaşdırıldığını və sülh şəraitində, heç bir qanun pozuntusu olmadan keçdiyini də xatırladıb: “İstərdim ki, bizdə bundan sonra da hər şey belə keçsin, digər ölkələrdə də eksessiz və qanunvericilik pozulmadan baş tutsun”.
Rusiya prezidenti Fransada keçirilən “sarı jiletlər”in məlum etiraz aksiyalarına da toxunub: “Bildiyimiz kimi, təkcə Rusiyada belə hadisələr baş vermir. Mən qonağam, bu barədə danışmaq mənə rahat deyil, lakin məcburam, çünki belə suallar verirsiniz. Hamımız “sarı jiletlər” adlandırılan aksiyalarla bağlı hadisələri bilirik, hansı ki, bu hadisələrdə bizdə olan hesablamalara görə, 11 nəfər həlak olub, 2500 nəfər isə yaralanıb, o cümlədən 2 min polis işçisi yaralanıb. İstəmirəm ki, belə hadisələr Moskvada baş versin”.
Putin Rusiyada siyasi vəziyyətin qanun çərçivəsində inkişafı üçün hər şeyi edəcəyinə söz verib./APA/