Putin səfərbərlik elan etməyə hazırlaşır – “Generallar əsgər istəyirlər”

“Ukrayna hücumunu dayandırmaq üçün səfərbərlik lazımdır. İkincisi, Putin öz generallarından hücum tələb edir. Onlar isə deyirlər ki, hücum istəyirsinizsə, bizə yenə əsgər lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış politoloq Valeri Solovey rusiyalı jurnalist Yuliya Latıninanın verilişində bildirib.

Solovey deyib ki, Putin səfərbərlik elan etməyə hazırlaşır və artıq səfərbərliyə cəlb olunacaq şəxsləri hərbi forma ilə təmin etmək üçün kütləvi sifarişlər də verilib. Solovey öz mənbələrinə istinad edərək qeyd edib ki, Rusiya ordusunun hərbi geyim sifarişini 5 ölkə həyata keçirir. Bunlar İran, Birma, Çin, Monqolustan və Vyetnamdır. Politoloq bildirib ki, sifarişlərə qış hərbi formaları da daxildir. Bu isə o deməkdir ki, Kreml qışda da müharibəni davam etdirmək fikrindədir.

Solovey həmçinin deyib ki, Rusiyanın öz hərbi sənayesini tam gücü ilə işə salmaq cəhdləri müəyyən dərəcədə özünü doğruldub: “Belə ki, artıq raket istehsalı iki dəfə artırılıb, tank və artilleriya istehsalında da vəziyyət pis deyil”.

Bundan öncə Böyük Britaniyalı tanınmış hərbi ekspert Qlen Qrant Rusiyanın hərbi səfərbərlik potensialı barədə danışarkən deyib ki, Putin orduya orta sinfin nümayəndələrini yox, yalnız alkoqolikləri yığmağa məcburdur. Çünki yetkin, savadlı insanlara silah vermək Putin üçün təhlükəlidir. Savadlı kəsim cəbhədə “top əti” olmaq istəməyəcək və orduda narazılıqlar baş qaldıracaq. Bu isə Kreml üçün ən böyük təhlükə hesab olunur.

COP29