“Son dövrlərdə Azərbaycana rəsmi səfərə gələn dost və qardaş ölkələrin rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfərə yollanması, bu ərazilərdə həm erməni vandalizmi və vəhşiliyi yanaşı, həm də Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olması artıq bir ənənə halını alıb”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Sahil Kərimli deyib.
Siyasi şərhçi Rusiya prezidenti Vladimir Putinin yaxın zamanda Azərbaycana, daha dəqiq desək, Şuşaya səfər edəcəyi ilə bağlı erməni mətbuatında yayılan informasiyalara toxunub.
S. Kərimliyə görə, bir neçə aylardır ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər dost ölkələrin rəhbərlərinin Azərbaycan lideri ilə Qarabağa səfərinin şahidi olmuşuq:
“Eləcə də bu, xüsusi qürurverici haldır ki, Prezident İlham Əliyev onları Füzuli Beynəlxalq Hava Limanında qarşılayır. Artıq oradan beynəlxalq uçuşlar həyata keçirilir, hətta xarici ölkə rəhbərləri öz vətənlərinə Füzulidən geri dönürlər”.
“Yeri gəlmişkən, son günlərdə bu ənənənin tez-tez şahidi oluruq. Əgər Rusiya prezidentinin Azərbaycana səfəri planlaşdırılırsa, təbiidir ki, Vladimir Putinin işğaldan azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya yollanması çox yaxşı olardı. Erməni mətbuatı bunu iddia etsə də. Hələlik rəsmi açıqlama yoxdur. Nəzərə alsaq, görərik ki, son bir il ərzində Vladimir Putin xarici ölkələrə çox nadir hallarda səfər edir ki, onun Azərbaycana səfərinin də olub-olmamasını bəri başdan deyə bilmərik”, – deyə o, əlavə edib.
Politoloq diqqətə çatdırıb ki, Rusiya Azərbaycanın yaxın dostu, hətta müttəfiqidir:
“O cümlədən, Rusiya ilə Azərbaycanın münasibətləri son dövrlər yüksələn xətlə inkişaf edir. Bundan başqa, hər iki ölkə liderlərinin şəxsi münasibətləri yüksək səviyyədədir, həm də ölkələrimiz və xalqlarımız arasında münasibətlər daim zirvələrə doğru irəliləyir. Bu baxımdan, Rusiya ilə Azərbaycan münasibətləri gələcəkdə də tam irəliləyəcək, eləcə də hər iki ölkənin bütün sahələrdə əlaqələri daha da dərinləşəcək”.
“Fikrimcə, Vladimir Putinin işğaldan azad edilmiş ərazilərə səfəri, erməniləri analitiklərin iddia etdiyi kimi, İrəvana bir mesaj kimi də dəyərləndirilə bilər. Çünki nəhayət, Ermənistan xarici – Avropa və Qərb dairələrinin təsirlərindən xilas olmalı, bölgədə sülh və təhlükəsizliyə öz töhfələrini verib Azərbaycanla sülh müqaviləsi imzalamalıdır”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, erməni analitiklər Rusiya liderinin Şuşaya səfərini gərginləşən Moskva-İrəvan münasibətləri fonunda Ermənistana bir mesaj kimi qiymətləndiriblər.
Rafi Müslümov