Putin-Tramp danışıqlarında MÜƏMMA: “Bundan sonra nə olacağını zaman göstərəcək”

“İstər Putin, istərsə də Zelenski öz cəmiyyətlərinə müəyyən mesaj ötürməklə özlərinin qələbəsini elan edə biləcəklər”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasındakı təmasların mümkün nəticələrindən danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ağ Ev və Kreml razılıqla bağlı ictimaiyyəti məlumatlandırsalar da detallar haqqında ətraflı məlumat verməyiblər:

“Bu səbəbdən hələ ki bəlli olmayan məsələlər mövcuddur. Eyni zamanda, hələlik ABŞ-nin Rusiya qarşısında hansı şərtlər qoyduğu da məlum deyil. Yəni burada nə Rusiyanın, nə də Ukraynanın qələbəsindən söz açmaq mümkündür. Əgər qələbə olacaqsa, Vaşinqtonun çıxarları əsas amil kimi qiymətləndiriləcək. Qısacası, Tramp bu müharibəni dayandırırsa, həm Rusiyadan, həm də Ukraynadan müəyyən şeylər qoparacaq”.

“İstər Putin, istərsə də Zelenski öz cəmiyyətlərinə müəyyən mesaj ötürməklə özlərinin qələbəsini elan edə biləcəklər. Lakin bu, birmənalı olaraq “Pir qələbəsi”dir. Çünki hər iki tərəf müharibədən yorulub və ciddi problemlər yaşayıb. Bir sözlə, proseslər onu göstərir ki, burada məqsədinə çatan yeganə şəxs Trampdır. Bundan sonra nə olacağını isə zaman göstərəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli