Putin-Tramp danışıqlarının İLKİN NƏTİCƏSİ: “HEÇ-HEÇƏ”

“Dünənki telefon görüşməsində əsas faktiki nəticə Putinin qismən 30 günlük atəşkəsə – enerji infrastrukturuna hücumların dayandırılmasına razılığıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə “Carnegie” Fondunun əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Tatyana Stanovaya deyib.

Onun sözlərinə görə, eyni zamanda, Putin tam atəşkəslə bağlı ilkin təklifi birbaşa rədd etməyib, artıq məlum şərtləri irəli sürüb:

“Ukraynada səfərbərlikdən və yenidən silahlanmadan imtina, həmçinin xarici yardımın tamamilə dayandırılması buraya daxildir. Qeyd etmək istərdim ki, söhbət təkcə Amerikanın yardımından getmir ki, bu da tam atəşkəs perspektivini son dərəcə qeyri-mümkün edir. Buraya “Kiyev rejimi”nin razılığa gələ bilməməsi haqqında tezis şəklində Zelenskinin istefası üçün demək olar ki, birbaşa tələb əlavə edildi. Əhəmiyyətli məqam odur ki, atəşkəs üçün şərtlərin irəli sürülməsi belə bir barışıq müzakirəsinin mümkünlüyünü artırmır”.

Analitik bəyan edib ki, Rusiya-Amerika ekspert qruplarının yaradılması da söhbətin digər mühüm, lakin gözlənilən nəticəsidir:

“Nəhayət, üçüncü və yəqin ki, ən mühüm nəticə artıq mühüm beynəlxalq məsələlər üzrə ABŞ-nin Rusiya ilə əməkdaşlığının tam qanuniləşdirilməsidir. Yaxın Şərq və Qırmızı dənizin adları çəkilir, habelə faktiki nümunə kimi BMT-də Ukrayna münaqişəsi ilə bağlı qətnamənin yekdilliklə səsverməsidir. Bu, təbii ki, ikitərəfli münasibətləri Ukrayna münaqişəsindən birbaşa asılılıqdan çıxarmağı bacaran Putin üçün böyük uğurdur. Putin tam atəşkəs təklifini rədd edib, heç bir zərər görmədən vəziyyəti öz xeyrinə çevirə bildi. Bu, getdikcə bu oyunda sövdələşmə roluna düşmüş Ukrayna üçün çox pis xəbərdir”.

“Sky News” portalı isə sözügedən məsələni “heç-heçə” adlandırıb.

Nəşrin Vaşinqton müxbiri Mark Stoun yazır ki, Putin və Tramp hər ikisi daxildə qələbə təqdim edə bilər. Tramp qismən atəşkəs əldə etdiyini, enerji obyektlərinə zərbə endirilməsinin dayandıralacağını qeyd edə biləcək.

“Putin isə bu atəşkəsin yalnız müəyyən şərtlərlə olacağını və Rusiyanın “dəmir tələblər”inin dəyişməz olacağını qeyd edə biləcək. Eyni zamanda, Moskva və Vaşinqton ən azından münasibətləri gərginləşmədən qoruya bildilər”, – deyə məlumatlarda qeyd olunub.

Bildirilir ki, Donald Tramp üçün bu, müharibənin sona çatması istiqamətində ilk addımları – əvvəlcə səmada və dənizdə atəşkəs əldə etdiyini, həmçinin qısamüddətli olsa da, sülh yolu ilə nizamlanma prosesinə başladığını bəyan etmək üçün bir fürsətdir:

“Putin isə iddia edə bilər ki, o, yalnız enerji və infrastruktur obyektlərinə zərbələrin dayandırılması ilə razılaşıb, lakin cəbhə xəttində quru döyüş əməliyyatlarını davam etdirmək variantını özündə saxlayıb. Rusiya lideri tam atəşkəs ideyasını dəstəkləmədi və hesab etdi ki, indi üstünlüyə malikdir və hər hansı razılaşma əldə edilməmişdən əvvəl mümkün qədər çox ərazini ələ keçirməyə çalışır”.

Rafi Müslümov