Putin Tramp əleyhdarlarına səsləndi: “Danışıqların stenoqramını açıqlaya bilərik”

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Rusiyanın xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla danışıqlarının məzmununu açıqlaya biləcəklərini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin bunu Trampın qeyd olunan danışıqlarda ABŞ-ın bəzi dövlət sirlərini Lavrova ötürməsinə dair iddialar irəli sürüldükdən sonra bəyan edib.

İtaliyanın baş naziri Paolo Gentiloni ilə Soçidə görüşən Putin haqqında danışılan məsələyə də toxunub. O, Trampın Rusiyaya hər hansı dövlət sirri vermədiyini bildirib:

“Əgər Lavrov bəzi məxfi məlumatları mənə çatdırmayıbsa, onunla xüsusi danışmağım lazımdır”.

ABŞ-da Tramp əleyhdarlarının Rusiyanı ölkənin daxili siyasi proseslərinə müdaxilədə günahlandırmaqdan gileylənən Putin bunları deyib:

“O insanlar bundan sonra hansı hekayələri uyduracaqlar? Rusiya əleyhinə çağırışlarla öz daxili siyasətlərinə istiqamət verməyə cəhd edirlər”.

Belə davranışların ABŞ-a zərər vurduğunu deyən Putin həmin iddiaların “axmaq məqsədlər”dən qaynaqlandığını deyib. Rusiya prezidenti məlum iddiaları ciddiyə almadığını göstərərək, həmin görüşün stenoqramını açıqlaya biləcəklərini söyləyib.

Qeyd edək ki, “Washington Post” qəzeti Trampın Lavrovla görüşündə prezidentin İŞİD-lə bağlı “son dərəcə məxfi” məlumatları açıqladığını yazıb.

Tramp isə özünün “Twitter”hesabından verdiyi açıqlamada özünə belə haqq qazandırıb:

“Prezident olaraq, Rusiya ilə müzakirələrdə terrorçuluq və uçuş təhlükəsizliyinə dair bəzi həqiqətləri paylaşdım ki, buna ixtiyarım var.

Bu, humanist bir yanaşma ilə əlaqədardır. Rusiyanın İŞİD və terrora qarşı mübarizəsini gücləndirməsini istəyirəm”.

Yeniçağ.Az