“Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyənin hazırlıqları tamamlanan Afrin əməliyyatına ABŞ və Rusiyanın mümkün reaksiyasını dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Suriya kürdlərinə hərtərəfli dəstək verən ABŞ-ın Afrin əməliyyatına münasibəti məlum olsa da, Rusiya yenə “ikili oyun” oynayır:
“Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır. Vaşinqtonun 30 min kürdü silahlandırıb sərhəddə yerləşdirmək istəyi Türkiyənin ərazi bütövlüyünə birbaşa təhdiddir.
Ancaq məni iki suala cavab maraqlandırır. Birinci sual: Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa, buna Vaşinqtonun reaksiyası necə olacaq. Eyni zamanda, ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?
Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci tərəf buna etiraz etməyib.
Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdələrə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir. Odur ki silahlı kürdlərin tamamilə neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək.
Bir də ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla anlaşmanı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməlidir. Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir”.
A.Zeynalov