“Ermənistan lideri sadəcə olaraq, iqtisadi maraqlarını, üzləşə biləcəyi problemləri nəzərə alaraq, həmin tədbirə qatılır”.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya uzun müddətdən sonra baş tutan səfərini şərtləndirən amilləri şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək tədbirlərdə iştirakdan imtina etməsinin Ermənistana ciddi problemlər yarada biləcəyini kimsə Paşinyana başa salıb:
“Çünki Avrasiya İqtisadi Birliyi iqtisadi xarakterli qurumdur. Bu birlikdən isə Ermənistan kifayət qədər yararlanıb. Hazırda da Ermənistanın ümumi daxili məhsulunun artması barədə fəxrlə səsləndirdiyi iddialar başda Rusiya olmaqla, məhz Avrasiya Birliyinə daxil olan ölkələrlə işbirliyinin sayəsindədir.
Paşinyan bu dəfə də Rusiyaya getməyəcəyi təqdirdə Ermənistan iqtisadiyyatının kifayət qədər ağır vəziyyətə salınması istiqamətində addımlarla qarşılaşa biləcəyini dərk etdi. Tədbirdə iştirakının səbəbi məhz budur. Hazırki vəziyyətdə nə Putin Paşinyana şərt qoya bilər, nə də Paşinyan Putinə. Çünki Ermənistanın baş naziri artıq Rusiya ilə “körpü”ləri yandırıb və geri qayıtmağa yer qoymayıb.
Əgər belə bir istəyə düşsə, heç bir qazancı olmayacaq, əksinə, Qərbin dəstəyini də tamamilə itirəcək. Həmçinin onun Putinin qarşısına şərt qoymaq imkanı da yoxdur. Çünki əlində tərəzinin mizanını öz xeyrinə dəyişə biləcək heç bir “kozır” yoxdur.
Bu amillər nəzərə alındıqda, baş tutan görüş Ermənistan və Rusiya arasında ciddi yaxınlaşma sayıla bilməz. Ermənistan sadəcə olaraq, iqtisadi maraqlarını, üzləşə biləcəyi problemləri nəzərə alaraq, həmin tədbirə qatılır. Çox güman, Paşinyanın bu səfərdən sonra da MDB və KTMT-nin tədbirlərinə qatılmamaq xətti davam edəcək. Bir sözlə, bu səfərin Rusiya-Ermənistan münasibətlərində nəyisə dəyişməsi mümkün deyil”.
Nəsimi Ələsgərli