Amerika və Britaniyanın xüsusi xidmətləri Rusiya Prezidenti Vladimir Putinin yaxınlığındakı şəxslər və Müdafiə Nazirliyi barəsində dezinformasiya hazırlayırlar.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı RİA-Novosti-yə hərbi-diplomatik mənbə bildirib. Onun sözlərinə görə, həmin məlumatlardan Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi üçün istifadə olunacaq. Hazırda qərb xüsusi xidmətlərinin təşkil etdiyi anti-Rusiya kampaniyası özünün aktiv fazasındadır.
“İnformasiya məkanında həddən artıq aqressiv addımlar atılır. Artıq gizlədilməyən provokasiya hərəkətləri çərçivəsində Amerika və Britaniyanın xüsusi xidmətlərinin mütəxəssisləri Rusiya rəhbərliyi barədə feyk informasiya hazırlayırlar”, – agentliyin müsahibi bildirib.
O deyib ki, ümumi götürdükdə bu kampaniya “Panamageyt”in (2015-ci ildə ofşorlar barədə qərb KİV-də yayımlanan dosyelərlə bağlı qalmaqal) ssenarisini təkrarlayır: süni olaraq qərbə sərfəli olan informasiya formalaşdırılır, onu Dövlət Departamentinin əlaltıları olan qeyri-kommersiya təşkilatları media sahəsinə ötürürlər. Bunların sırasında mənbə “Korrupsiya və mütəşəkkil cinayətlərin araşdırılması layihəsi” OCCRP) və “Jurnalist araşdırmalarının beynəlxalq konsorsiumu” (ICIJ) təşkilatlarını qeyd edib.
“Sonra, – mənbə davam edir, – bu feyk xəbərlər KİV-in, eyni zamanda da amerikalı maliyyəçilərin nəzarəti altında olan media orqanlarının əlinə keçir”.
Müsahibin sözlərinə görə, söhbət Corc Soros və Uilyam Brauderdən, həmçinin Amerika hökumətinin açıq-aşkar maliyyələşdirdiyi nəşrlərdən, o cümlədən Rusiyada xarici agentlər kimi qəbul edilən “Azadlıq Radiosu” və “İndiki zaman”dan gedir.
“”Panama dosyesi”ndə olduğu kimi, irəli sürülən ittihamların cəfəngliyinə baxmayaraq, Ağ ev bu informasiyanı yeni sanksiyalar üçün əsas kimi istifadə edir. Bu cür hərəkətlər ölkədəki sabitliyi sarsıtrmaq, onun iqtisadi potensialını azaltmaq və rəhbərliyə təsir göstərmək məqsədilə rıçaq formalaşdırmaq üçün Rusiya Federasiyasının daxili işlərinə birbaşa müdaxilədir”, – deyə müsahib fikrini yekunlaşdırıb./Sputnik Azərbaycan/