Putinin Azərbaycana səfərinin PƏRDƏARXASI: “Geosiyasi hadisələrə təsir edəcək”

“Cənubi Qarfqazda baş verən son proseslər Moskvanı narahat etməyə bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin pərdəarxası məqamlarından danışan politoloq Əhməd Şahidov deyib.

Onun sözlərinə görə, Ukraynanın Kurska daxil olduğu və hərbi əməliyyatların şiddətləndiyi vaxtda Putinin Azərbaycan səfəri təbii olaraq sıradan sayıla bilməz.

“Bunu həm Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, həm də region və dünyada baş verən geosiyasi hadisələrə birbaşa təsir edəcək səfər kimi qiymətləndirmək lazımdır. Dünya mediasının Putinin Azərbaycan səfərini yaxından izləməsinin əsas səbəbi də məhz budur.

Cənubi Qarfqazda baş verən son proseslər, İrəvanın Qərbə inteqrasiyası, Rusiyanın regionda sıxışdırılması, Ermənistanın plasdarm kimi istifadə olunması Moskvanı narahat etməyə bilməz. Ermənistanda ABŞ ilə birgə keçirilən hərbi təlimlər və daha sonra bəzi hərbçilərin orada qalması fonunda Putin Azərbaycana mütləq səfər etməli idi. Çünki okeanın digər tayından Qərb ölkələrinin gəlib, Cənubi Qafqazda söz sahibi olmağa çalışması, buranın təhlükəsizliyinə nəzarət etməsi heç bir halda nə Rusiya, nə İran, nə də Azərbaycan tərəfindən qəbuledilməzdir.

NATO artıq demək olar ki, Cənubi Qafqaza ayaq açıb və ordusunu Ermənistanda yerləşdirir. Bu nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur. Əgər Tehran rejimi uzaqgörən siyasət yürütsə, Ermənistanın dost yox, maşa ölkə olduğunu görər. Bir sözlə, Qərbin regionumuza daxil olmaq cəhdləri bütün bölgə ölkələri üçün təhdiddir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29