Putinin nüvə silahı TƏHDİDİ: “Rusiya bu mesajı verir ki, əgər Xersondan sonrakı mərhələdə…”

“Artıq Rusiya Luqansk, Donetsk, Krımı necə qoruyacağını düşünür. Bu, hərbi dildə desək, məğlubiyyətin başlanğıcı sayıla bilər”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin və onun təbliğatçısı Marqarita Simonyanın dünyanı nüvə müharibəsi ilə təhdid etməsindən danışan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Rusiya Donbass, Luqansk və Krımı itirmək təhlükəsinə qarşı nüvə təhdidini işə salıb:

“Ukrayna-Rusiya cəbhəsində qoşunların vəziyyəti elə hala gəlib ki, döyüşlər artıq Xerson uğrunda gedir. Xerson azad olunsa, növbəti mərhələdə əməliyyatlar Luqansk, Donetsk, Krım uğrunda gedəcək. Putin tez-tələsik Donetsk, Luqansk, Krımda referendum keçirərək Rusiyanın tərkibinə birləşdirilməsi prosesini başladıb. Nüvə silahının istifadə olunmasına dair ipucularının indi verilməsi o deməkdir ki, Xersonu da itirməyə razı ola bilərlər, ancaq Donetsk, Luqansk, Krım qırmızı xətdir. Rusiya bu mesajı verir ki, əgər Xersondan sonrakı mərhələdə Donetsk, Luqansk, Krımın da azad olunmasına qalxsanız, bununla rastlaşacaqsınız. Bu bir az siyasi blefdir.

Siyasi blefin hərbi qərara çevrilməsi risklidir. Ən azı taktiki nüvə silahının, xüsusilə Xersonda istifadə edilməsi digər bölgələrə də təsir edəcək. Düşünmürəm ki, Kremlin beyin mərkəzi buna rahat qərar verəcək. Qərar verilmiş olsa belə, onu istifadə edəcək generallar buna nə qədər razı olacaq, mübahisəlidir.

Düşünürəm ki, nüvə silahı təhdidinin bu günlərdə qabardılması Rusiyanın cəbhədəki vəziyyəti qəbullanması deməkdir. Rusiya silahsızlaşdırılmasından danışmır. Rusiya artıq Luqansk, Donetsk, Krımı necə qoruyacağını düşünür. Bu, hərbi dildə desək, məğlubiyyətin başlanğıcı sayıla bilər. Silahlı qarşıdurma indiyə qədər 2014-cü ildə ələ keçirilən ərazilərin xaricində gedirdisə, artıq müharibənin o ərazilərə də keçəcəyi ehtimal edilir. Bu, təbii ki, Rusiya siyasi rəhbərliyinin xarizmasını zədələmiş olacaq.

Hesab edirəm ki, Rusiya siyasi rəhbərliyi qərar qəbul etməlidir. Elə bir qərar olmalıdır ki, ya müharibə bu həddə dayansın, ya da məğlubiyyət qəbul olunsun.

Teorik olaraq nüvə silahından istifadə etmək mümkündür. Praktiki olaraq bunu etmək çox çətindir”.

Səxavət Məmməd