“Hazırda dünyada baş verənlər odur ki, Rusiya özünün geosiyasi niyyətlərinə nail olmaq istəyir və bu, tam alınmayanda, xüsusilə də Rusiyaya qarşı konkret addımlar atılmağa başlayanda, çarəsiz vəziyyətdə qalan Rusiya prezidenti Vladimir Putin bu cür qərarlar qəbul edə bilir. Ancaq bu, o demək deyil ki, nüvə silahından Rusiya istifadə edəcək, ya edə biləcək. Çünki nüvə silahının istifadəsi birtərəfli deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Siyasi təhlilçi ötən gün Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətində səsləndirdiyi fikirlərə, o cümlədən Rusiya ordusunun nüvə başlıqsız “Oreşnik” raketi ilə Ukraynanın Dnepr şəhərinə zərbələr endirməsindən söz açıb.
N. Miri xatırladıb ki, dünən Rusiya prezidentinin xalqa müraciəti bir tərəfdən, həm Rusiya xalqına, Qərbə və Ukraynaya xəbərdarlıq mesajı idisə, digər tərəfdən də Putinin fikirləri Rusiya rəhbərliyinin qorxduğunu ortaya qoyur:
“Çünki Rusiyanın dərinliklərindəki hərbi-strateji obyektlərin vurulmasına icazənin verilməsi bəzilərinin iddia etdiyi kimi, sözügedən vəziyyəti tam olaraq dəyişməyəcək. Bu, belə deyil və mahiyyət etibarı ilə, əslində, Rusiyanın itkilərini artıracaq. Ola bilsin ki, cəbhə xəttində ciddi dəyişikliklər baş verməsin, ancaq bu, Rusiyanın itkilərini artıracaq. Maraqlıdır, bu cür itkilər fonunda Rusiya müharibəni indiki intensivlikdə davam etdirə biləcəkmi?”
“Üçüncü Dünya müharibəsi başladı və nüvə silahından istifadə edilə bilər” kimi fikirlər o qədər də ciddi deyil. Doğrudur, Üçüncü Dünya müharibəsi artıq başlayıb və bu Ukraynanın günahı üzündən baş verməyib. Rəsmi olaraq, üçüncü dövlətin bu müharibəyə qoşulması Rusiya tərəfindən başlayıb və bunu nə Rusiya, nə də prosesə üçüncü tərəfdən daxil olan Şimali Koreya təkzib etmir. Yəni üçüncü tərəfin rəsmi olaraq müharibəyə müdaxiləsi Rusiya və Şimali Koreyanın iradəsi ilə baş verib və bu cür adekvat qərarların Qərb tərəfindən verilməsi heç də təəccüblü olamamalıdır. Əksinə, olmasaydı, Qərbin riyakarlığı ortaya çıxacaqdı”, – deyə o, əlavə edib.
Analitik düşünür ki, Qərbin bu cür reaksiyası və Rusiyanın dərinliklərinə zərbə vurmaq icazəsi adekvat və doğru bir addım idi:
“Ona görə də mən bu müharibəni nüvə müharibəsi kimi dəyərləndirməzdim. Çünki bu müharibə birtərəfli deyil və Rusiyanın nüvə silahı olduğu kimi Qərbin də nüvə silahları var. Ayrıca, burada Qərbin çox böyük üstünlüyü mövcuddur. Müharibə başlayan dövrdə Skandinaviyanın sadəcə bir ölkəsi NATO-nun üzvü idi. İndi Finlandiya və İsveç – Rusiyanın bütün şimal sərhədləri artıq NATO üzvüdür. Odur ki, şimal sərhədlərindən tutmuş Avropanın şərqinə doğru ərazilərin hər bir yerində NATO üzvü ölkələrin nüvə silahları var. Rusiyanın bir nüvə silahından istifadə etməsi isə bu boyda böyük bir mexanizmi hərəkətə gətirəcək”.
Siyasi ekspertin qənaətinə görə, Peterburq və Rusiyanın dağılması an məsələsi ola bilər:
“Bəs, yaxşı, bundan sonra Putin hakimiyyətdə qala bilər? Ona görə də nüvə başlığı çıxarılaraq Dneprə belə bir raket atıldı. Yəni guya bu silahın qarşısı alına biləcək havadan və raketdən müdafiə sistemlərinin olmadığı ilə bağlı Vladimir Putin də öyündü, ancaq bu, zaman məsələsidir. Bu gün olmasa da, həmin raketləri vura biləcək sistemlər haçansa ortaya çıxacaq. Lakin bu o demək deyil ki, Rusiya qarşısıalınmazdır. Əgər bir silahın istehsalı və satışı 50 milyon dollara başa gəlirsə, bunda Rusiyada nə qədər ola bilər?
Qısacası, Putinin dünənki davranışları, xalqa müraciət və bu silahdan istifadə Rusiyanın qorxaqlığını növbəti dəfə ortaya qoyur. Putin demək istəyir ki, bizdən qorxun, çəkinin. Moskva çəkindirici məqam olaraq bundan istifadə etdi, amma fakt ondan ibarətdir ki, bu saat Rusiya özü qorxur”.
Rafi Müslümov