Reklam: High Technic
hightechnic

“Putinin Paşinyanla “söhbət”i cəmi 3 dəqiqə 10 saniyə çəkib” - Aleksey Sinitsın

“Paşinyanın xarici siyasət konsepsiyası Rusiyanı qətiyyən qane etməyəcək”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyanın Cənubi Qafqazda cərəyan edən proseslərə münasibətini şərh edən Amerika-Azərbaycan “İnkişafa dəstək” Fondunun baş eksperti Aleksey Sinitsın deyib.

Aleksey Sinitsının sözlərinə görə, Ermənistan özünün xarici siyasət vektorunu hələ müəyyənləşdirməyib:

“Əgər kompyuter terminindən istifadə etsək, o zaman deyə bilərik ki, Rusiyanın Cənubi Qafqaz siyasəti hazırda “donmuş” vəziyyətdədir. Rusiya Gürcüstanın NATO-ya üzvlük perspektivindən narahat deyil, çünki Brüssel belə bir qərar verməyəcək.

Ancaq Nikol Paşinyan məsələsi narahatlıq doğura bilər. Paşinyan Nyu-York və Düşənbə səfərlərindən sonra özünün “Facebook” səhifəsində yazdı ki, “Putin bir-birimizin daxili işlərinə qarışmamaq haqqında sözlərini təsdiqlədi”. Bu ki ağ yalandır. Putinin Paşinyanla söhbəti cəmi 3 dəqiqə 10 saniyə çəkib.

Rusiya telekanalları həmin görüşdən fraqmentlər yayımlamışdılar. Bilirsiz ki, danışıq zamanı işlədilən sözlərdən asılı olaraq, dodaq vəziyyəti dəyişir. Putinlə Paşinyanın “dialoq”unda da yalnız “bəli” və “xeyr” kəlmələri işlədilib.

Məsələn, Putin deyir ki, “KTMT məsələsini o qurumun sessiyasında müzakirə edərik”. Paşinyan cavab verir ki, “Bəli”. Paşinyan isə Ermənistana qayıtdıqdan sonra Rusiya ilə hansısa anlaşmalardan və Azərbaycan prezidenti İlham Əliyevlə ayaqüstü söhbətinin məzmunu haqda yalan məlumatlar yayır. Bu, bir populistin siyasətidir.

Ermənistanın Qərbə inteqrasiyasından danışsaq deməliyik ki, bu iş hələ ki alınmır. Bədbəxtlikdən və ya bəlkə də xoşbəxtlikdən, Tramp Ermənistana heç bir maraq göstərmir. Ermənistan tam siyasi qeyri-müəyyənlik içindədir. Baş nazir Paşinyan isə özü haqqında populist siyasətçi obrazı yaradıb.

Bütün bunları başa düşən Paşinyan növbədənkənar seçkilər keçirməklə, parlamentdə səs çoxluğuna sahib olmağa tələsir. Qoy Paşinyan seçkilərdə qalib gəlsin, legitim hökumət formalaşdırsın və bundan sonra Rusiyaya qarşı iddialarını irəli sürsün.

Məhz o zaman Moskvanın İrəvana reaksiyası məlum olacaq. Əminəm ki, Paşinyanın xarici siyasət konsepsiyası Rusiyanı qətiyyən qane etməyəcək. Buradan isə müəyyən nəticələr çıxarmaq olar”.

Qafqaz Ömərov

www.yenicag.az

905