Rusiya ilə Ukrayna arasında müharibə fevral ayından bəri davam edərkən, Putinin bir zamanlar ən çox güvəndiyi şəxslərdən olan, Rusiya liderinin çıxışlarını yazan Abbas Qalyamov diqqətçəkən bir iddia ortaya atıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Qalyamov Rusiyanın müharibədə məğlub olacağı təqdirdə Putinin qaçış planının hazır olduğunu iddia edib.
O, bildirib ki, Putinin yüksək səviyyəli heyəti “Nuhun gəmisi” kod adlı qaçış planını tamamlamaq üzrədir.
Mümkün məğlubiyyət halında Putinin Argentina, Venesuela və ya Çinə uçuşunun gündəmdə olduğunu bildirən Qalyamov “Telegram” kanalında bunları yazıb: “Bu məlumat etibarlı mənbədən gəldi. Normalda Kremlin içindən gələn məlumatı paylaşmazdım, amma bu gün istisna edəcəm”.
“Nuhun gəmisi” adlandırılan planı açıqlayan Qalyamov, “Layihənin adından da göründüyü kimi, ölkədə yaşamaq mümkün olmadığı təqdirdə yeni yaşayış məntəqəsi tapmağı hədəfləyirlər. Putinin kadrları müharibənin uduzulması, hakimiyyətin itirilməsi kimi vəziyyətləri gözardı etmir və onun ölkəni tez bir zamanda tərk etməli olma ehtimalına əsasən planlar qururlar”, – deyə qeyd edib.
Rusiyanın nüvə araşdırma mərkəzini idarə edən Mixail Kovalçukun Çinə qaçmaq təklifini gündəmə gətirdiyini, lakin bunun birmənalı qarşılanmadığını bildirən Qalyamov Argentina və Venesuelanın etibarlı torpaqlar ola biləcəyi qənaətinə gəlindiyini bildirib.
Qalyamov qeyd edib ki, rusiyalı oliqarx İqor Seçinin Venesuela lideri Maduro ilə yaxın münasibəti var və bu yolla Venesuelaya qaçmaq planının mümkün olacağı təqdirdə Seçin bu prosesi idarə edəcək.