“Dövlət başçısına planlanan suiqəsd elə-belə addım deyil”.
Bu fikirləri Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarevin ölkə prezidenti Vladimir Putinin sui-qəsd nəticəsində öldürüləcəyilə bağlı iddiası haqqında danışan Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Yenicag.az-a açıqlamasında deyib.
İlqar Vəlizadə səsləndirilən iddianın inandırıcı olmadığını qeyd edib:
“Səsləndirilən fikirləri yayan insanlar fərqli məqsədə xidmət edirlər. Bu, ictimai rəyi yoxlamaq üçün atılmış addım da ola bilər.
Dövlət başçısına planlanan suiqəsd elə-belə addım deyil. Məsələnin arxasında maraqlı olan hansısa qüvvələr olur. Xarici kəşfiyyat və yaxud hansısa təşkilat. Tarixə nəzər salsaq, belə halların yaşandığını görə bilərik.
Maraqlısı odur ki, eks-deputat bunu haradan bilə bilər? Əgər onda məsələ ilə bağlı məlumat varsa, ictimaiyyətə necə yayır?
Müəmmalı olduğuna görə belə proqnozlara skeptik yanaşıram. Hadisə yaşanandan sonra təhlil apardıqda nəyin necə olduğunu demək daha asandır”.
Nəsimi Ələsgərli