Putinin Ukrayna savaşında YENİ HƏDƏFLƏRİ: “Qərbin göndərdiyi silahlar yalnız müdafiə olunmağa…”

“Qərb Ukraynaya yardım etmək əvəzinə, onun hərbi sənayesinin inkişafına dəstək olsaydı, Kiyev indi bu vəziyyətə düşməzdi”.

Bu fikirləri Rusiya prezidenti Vladimir Putinin son təhdidedici mesajlarını və Kremlin perspektiv hədəflərini şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Rusiya müharibənin indiki mərhələsində bir neçə ssenarini nəzərdən keçirir:

“Putinin açıqlamalarından belə məlum olur ki, Rusiya ordusu cəbhədə irəlilədikcə, möhkəmləndikcə şimal qonşumuzun hədəfləri də böyüyəcək. Rusiya Odessanı işğal edərək, Ukraynanı bütövlükdə Qara dənizdən məhrum etmək istədiyini açıqlayıb. Bunu da artıq gizlətmirdilər.

Müharibədən əvvəl Rusiya mediasında belə ssenarilər müzakirə ediləndə, bunu ciddiyə almırdılar. Düşünürdülər ki, buna inanmaq olmaz. Ancaq müharibənin gedişində görürük ki, o hədəflər Rusiya tərəfindən əvvəldən müəyyən edilib.

Həmin ssenarilərdən birində Rusiyanın Ukraynanı Qara dənizə çıxışdan məhrum etməsi və Ukraynanın parçalanmış vəziyyətdə Avropa İttifaqına üzv olması nəzərdə tutulur. Digər ssenaridə isə Ukraynanın daxilində ölkənin mövcudluğunun qorunması üçün Rusiya ilə sülhə getməyin vacibliyi təlqin olunmalıdır.

Putinin məlum açıqlamaları onu göstərir ki, Rusiya Ukrayna ərazilərini zəbt etməklə yanaşı, orada hakimiyyət dəyişikliyi planından da imtina etməyib. Başqa bir versiya isə özündə Belarusdan ikinci cəbhənin açılması və Rusiya qvardiyasının Ukrayna prezidentini ya devirməsini, ya da həbsə atmasını ehtiva edir.

İstənilən halda Ukraynanı özündən asılı edən Qərb bu ölkənin hərbi potensialını üzə çıxarmadı. Yəni Qərb Ukraynaya yardım etmək əvəzinə, onun hərbi sənayesinin inkişafına dəstək olsaydı, Kiyev indi bu vəziyyətə düşməzdi. Qərbin hazırda göndərdiyi silahlarla Ukrayna əks-hücumu unudaraq yalnız müdafiəyə çəkilə bilər”.

Səxavət Məmməd

COP29