Putinin Ukraynada atəşkəs TƏKLİFİ: “O, istədiklərinə nail olduğunu diqqətə çatdırır”

 

“Putin bu təklifi ilə artıq istədiklərinə nail olduğunu diqqətə çatdırmaq istəyir”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya mövcud cəbhə xətləri üzrə atəşkəs təklif etməsinin necə qarılanacağı barədə fikirlərini səsləndirən politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Putinin belə bir təkliflə çıxış edəcəyi gözlənilən idi.

“Ukraynanın NATO-ya üzvlüyü əngəlləndi, bir çox ərazilər ələ keçirildi və Ukraynaya böyük məbləğlərlə hesablanacaq ziyan vuruldu. Baş verənlərin hər biri Qərbin Kiyevi bəlaya salmasının nəticəsidir. Rusiyanın nüfuzunu zəiflətmək istəyən Qərbin planları elə kağız üzərində də qaldı. Yəni yüksək səviyyədə inkişaf edən Rusiya hərbi sistemi elə də zərərə uğramadı. Bir sözlə, Putin bu təklifi ilə artıq istədiklərinə nail olduğunu diqqətə çatdırmaq istəyir.

Kiyevə yardımlar göstərən kollektiv Qərb Rusiyanın bu təklifini qəbul etməyi düşünsə də, Ukrayna qəti olaraq belə addım atmayacaq. Çünki yaxınlarını itirən, iqtisadiyyatı çökən, evləri dağılan məhz elə ukraynalıların özləridir. Bu səbəbdən Putinin təklifinin Ukrayna tərəfindən qəbul ediləcəyi hələ ki, mümkünsüz görünür”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29