Putinin Yaxın Şərqdəki yeni “silahı” – “Kürd kartı üzərindən…”

“Rusiyanın birmənalı şəkildə Suriyanı tərk etməsi də doğru deyil”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyanın Suriyada özünün yox, İranın məğlub olduğunu bəyan etməsini geosiyasi reallıqlar fonunda şərh edən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin belə bəyanat səsləndirməsi müəyyən mənada doğrudur:

“Əsəd rejimini nə Rusiya, nə də İran qoruya bilmədi. Bunun ən önəmli səbəbi Rusiyanın Ukrayna, İranın isə İsraillə münaqişəyə başının qarışmasıdır. Həmin amilləri görməyən isə yalnız Əsəd idi. Beynəlxalq münasibətləri düzgün dəyərləndirə bilməməsi səbəbilə nəticə olaraq hakimiyyətini itirdi”.

“Təbii ki, Əsədi ən çox dəstəkləyən İran idi. Buna görə də faktiki olaraq məhz İran Suriyadakı gücünü itirdi. Putin müsahibəsində kürd məsələsinə də toxundu. Onları terrorçu yox, özünümüdafiə dəstələri kimi qiymətləndirdi. Yəni o, kürd kartı üzərindən Suriyada qalmağı düşünür. Əlavə olaraq Rusiyanın birmənalı şəkildə Suriyanı tərk etməsi də doğru deyil. Çünki Suriyada hərbi bazaları var. Yerlərini dəyişsələr də, ölkəni tərk etməyiblər. Bir sözlə, Rusiya oyundan kənarda deyil, amma əvvəlki gücündə də deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli