“Putinlə Tramp görüşdə razılığa gələ bilməyəcəklər” – Ekspert

“ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən ilk ikitərəfli görüşdə hər hansı bir razılığın əldə olunacağı inandırıcı görünmür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ və Rusiya dövlət başçıları arasında keçirilməsi gözlənilən görüş və onun nəticələri barədə məsələyə münasibət bildirərkən politoloq Taleh Əliyev deyib:

“Uzun müddətdir ABŞ-la Rusiya arasında ümumiyyətlə danışıqlar aparılmır. Bu iki dövlətin yüksək çinli hərbçiləri arasında iki görüş Bakıda, biri isə Norveçdə baş tutub. Amma sırf iki dövlət başçısının görüş gündəliyinin hazırlanması ilə bağlı hər hansı bir danışıq aparılmır. Belə danışıq olmadığından, tamamilə bir-birinə zidd mövqedə dayanan dövlət başçılarının bir görüşlə hər hansı qlobal əhəmiyyətli məsələlərdə razılığa gələcəkləri inandırıcı deyil. Ən azından ilk görüşdə razılığa gələcəkləri məsələ görüşlə bağlı mövcud formatın davam etdirilməsi ola bilər. Ancaq bu görüşdə hər hansı bir prinsipial razılıq olmayacaq”.

Bununla belə, politoloq hesab edir ki, Trampla Putin arasında gözlənilən ilk görüşdə Şimali Koreya, Ukrayna, Suriya, xüsusən də İranla bağlı cərəyan edən məsələlər müzakirə predmeti olacaq:

“ABŞ prezidenti Trampla Rusiya prezidenti Putin arasında görüşün olacağı ilə bağlı hələ xeyli əvvəllər fikirlər səslənirdi. Hətta bundan öncə mətbuatda gedən xəbərlərdə qeyd olunurdu ki, Tramp belə bir görüşün məhz ABŞ-da baş tutmasında israrlıdır. Putin isə görüşün neytral üçüncü bir ölkədə keçirilməsini təklif edib. Hər hansı bir beynəlxalq toplantıda həmin ikitərəfli görüşün baş verə biləcəyinə dair də fikirlər var idi. Amma görüş zamanı hansı məsələlərin müzakirə ediləcəyi onun formatından asılı olacaq. Danışıqlar sırf ABŞ və Rusiya dövlət başçılarının görüşü formatında olacaqsa, təbii ki, ilk növbədə hər iki ölkənin milli təhlükəsizliyinə və bəlli hədəflərinə cavab verən qlobal maraqları ətrafında gerçəkləşəcək. Burada dünyanın əsas nöqtələrində baş verən hadisələrin müzakirə ediləcəyi şəksizdir. Bu görüşdə Şimali Koreya, Suriya, Ukrayna və ən başlıcası İranla bağlı olan məsələlər müzakirə edilə bilər. Bilirsiniz ki, ABŞ İranla nüvə sazişindən birtəfərli qaydada imtina etdi. Bu istiqamətdə Vaşinqton İranın əsas müttəfiqi olan Rusiya ilə anlaşma istiqamətində danışıqlar apara bilər. Həmçinin, gözlənilən görüşdə Trampla Putinin Avropa məsələsini də müzakirəyə çıxaracaqları istisna deyil. Son dövrlər Amerika ilə Avropa ölkələri arasında müəyyən narazılıq yaşanır. Bunun müqabilində Moskva Fransa, Almaniya ilə yaxınlaşmaq siyasətini qurub. Digər tərəfdən, terrorizmlə mübarizə də iki dövlət liderinin gündəliyində olan məsələlərdən ola bilər”.

Qeyd edək ki, iyulun 16-da Helsinkidə ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilməsi gözlənilir. Şimali Koreya lideri Kim Çen Inla danışıqlardan sonra həvəsə gələn Tramp indi də Kreml başçısı ilə birbaşa danışıqlara getmək istəyir. Bu məqsədlə də özünün milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu Moskvaya göndərib. Burada iki dövlət başçısı arasında görüşün olacağı ilə bağlı ümumi razılıq əldə edilib.

ELÇİN