Putinsiz Rusiya-Ukrayna savaşının nəticəsi necə olacaq? – ŞƏRH
- Yeni Çağ Media Qrupu
- 05.01.2023 - 13:57
- 393
“Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat strukturları tez-tez belə xəbərlər yayırlar ki, Rusiya Prezidenti Vladimir Putin ağır xəstəliyə düçar olub və yaxın müddətdə həyatıyla vidalaşacaq. Əlbəttə, bu xəbərlərin yayılması işğalçı dövlətin hakim strukturları içərisində təfriqə yaratmaq məqsədilə psixoloji savaşın tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Yenicag.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
E. Şahinoğlu yayılan xəbərlər həqiqətə uyğun olarsa, bunun Rusiya-Ukrayna müharibəsinə mümkün təsirini açıqlayıb:
“Putin sağlığıyla bağlı ciddi problemlərin olduğunu anlayarsa, özünə varis seçməyə tələsək. O, elə bir varis seçmək istəyəcək ki, Ukrayna ilə müharibəni davam etdirsin. Ancaq Putinin problemi ondadır ki, o, Ukraynaya qarşı işğalçı müharibəni şəxsi intiqam hissi ilə başlayıb. Rusiya hakimiyyətindəki ən mühafizəkar siyasətçilərdən biri belə Putinin yerinə keçərsə, onun qədər müharibəni əzmlə davam etdirə bilməyəcək. Çünki Rusiya cəmiyyətinin böyük hissəsi Putinin müharibəsinə dəstəyini davam etdirirsə, bu o demək deyil ki, yeni Kreml sahibinin də müharibə strategiyasını dəstəkləyəcək. Həmin şəxs Rusiya cəmiyyətində Putin qədər məşhur olmayacaq”.
Politoloq qeyd edib ki, Kremləki məcburi yerdəyişmə Ukrayna ordusunu daha böyük əks-hücumlara həvəsləndirəcək:
“Böyük ehtimalla Putinin yerinə gələn istənilən şəxs bir müddətdən sonra Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Ukrayna üçün bu azdır, Kremlin yeni sahibi qarşısında işğal edilən torpaqları, o cümlədən Krımı tərk etmək tələbi qoyulacaq”.