Qabiliyyət imtahanında eyni bal toplayanlardan hansına üstünlük verilir?

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a bildirilib ki, yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə müvafiq ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

− abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

− təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

− riyaziyyat fənni üzrə imtahan balı;

− Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

Həmçinin qeyd olunub ki, ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

− təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

− riyaziyyat fənni üzrə imtahan balı;

− Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balı.

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

COP29