!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaçqın pulları ilə alınan "Gelandewagen"in yasa boğduğu ailələr

!Reklam – Yazi

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!”

Ölkə başçısı İlham Əliyev məmur və onların övladlarına bu çıxışla sərt şəkildə xəbərdarlıq edərkən 2013-cü il idi. Onda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cəmi 18 yaşı var idi. Dünən isə məhz Nailə məxsus olan “Gelandewagen”in Heydər Əliyev prospektində törətdiyi dəhşətli qəza və onun ağır nəticələri bütün ölkə gündəmini zəbt edib.

18 yaşım olanda xəyallarım, gerçək həyatım tamam fərqli idi. Ağdamdan məcburi köçkün olan bəndəniz kirayələrdə bir çox gənc kimi yaşaya-yaşaya gələcəklə bağlı xəyallar qururdu. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, vətənə borcumu ödəyib, daha sonra ixtisasıma görə işə düzələcəkdim, düzəldim də. Amma aylıq 225 manatlıq müəllim maaşıyla “Qaçkınkom” sədrinin nəvəsinin 18 yaşında ikən sürdüyü “BMW X6” markalı maşının təkərini belə ala bilməyəcəyimin fərqində idim.

Düzdü, 19-20 yaşında gənc, dəyəri yüz minlərlə ölçülən maşınlarda gəzə, bahalı həyat tərzi sürə bilər. Amma bunun üçün o, ya müğənni, ya da futbolçu olmalıdır. Nail Allahverdiyevdə də sadaladığım bacarıqlar olmadığından, deməli, ona bu şəraiti yaradan babasının vəzifəsi olub. Hər halda 1995-ci ildə anadan olmuş nəvənin şəxsi biznesinin olması, “Soho” kimi məşhur gecə klubuna yiyələnməsi təsadüfi ola bilməz. Təbii ki, “Qaçkınkom” sədrinin nəvəsi lotereyadan külli miqdarda pul udmayıbsa…

Məsələ burasındadır ki, Əli Həsənov Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875 manat maaş alır. Bu isə ümumilikdə heç 4000 manat etmir. Belə durumda ağlınızdan keçən sualın mən də fərqindəyəm. “Görəsən, bu dəyirmanın suyu haradandır?” deyə, düşünməkdə də haqlısınız. Nə bilmək olar, bəlkə də 19 ildi önəmli vəzifələri daşıyan 69 yaşlı Əli müəllim, yemədən, içmədən yalnız nəvələrinin oliqarx həyatı üçün çalışıb.

Hər halda məcburi köçkünlərin “dondurulmuş” maaşlarının kəsilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat verən Əli müəllim nəvəsinə ölkə başçısının sərt çıxışlarını xatırlatmalı, onu bir baba kimi bu yöndə tərbiyə etməliydi. Amma görünür, “Qaçqınkom” sədri daha öncə övladları və nəvələri haqqında mətbuatda yayılan xoşagəlməz xəbərlərdən nəticə çıxarmayıbmış. Bu da ağsaqqalın saqqalının ağlığının bir işə yaramadığının nəticəsi: 2 ölü, biri də nəvəsi Nail Alahverdiyev olmaqla vəziyyəti ağır olan 3 yaralı!

Bütün bunlara görə, cavab verməlisiz, cənab “Qaşqınkom”! Bu məsələ üzləşdikləri çətinliklərə görə “Qaçkınkom”un binasına üz tutan köçkünlərin süründürülməsi qədər asan deyil. Bu məsələ, sizin istefanızı gərəkdirəcək qədər ciddidir! Bir halda ki, bu məmləkətdə adına evi olduğu iddia edilərək məcburi köçkünün “çörək pulu” kəsilirsə, onda hesabat verin görək, bir nəvənizin niyə iki bahalı maşını var?!…

EMİN SƏFƏROV
Yenicag.az

www.yenicag.az

2688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv