“Qaçqın” statusu verilməsi ilə bağlı qaydaya dəyişikliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Yeniçağ.Az xəbər verir ki, sənədə əsasən ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxs (bundan sonra – müşayiət olunmayan uşaq) aşkar edildikdə, həmin şəxs barəsində qəyyumluq və himayə orqanlarına müraciət edilir. Qəyyumluq və himayə orqanları müşayiət olunmayan uşağın ölkə ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını dəqiqləşdirir və onun “Qaçqın” statusu almaq niyyəti vardırsa, bu qaydaya uyğun olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Həmçinin müşayiət olunmayan uşağa “Qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, qəyyumluq və himayə orqanları onu sosial xidmət müəssisələrində yerləşdirirlər. Müşayiət olunmayan uşaqlar ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur.

Yeniçağ.Az

COP29