Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi kütləvi informasiya vasitələrində mənzil problemi həll edilmədiyinə görə bir nəfər məcburi köçkünün qurumun binasında intihara cəhd etməsi barədə yayılan məlumata münasibət bildirib.
Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, həmin vətəndaş – Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb.
Yataqxanadakı 112 otaqdan 58-də mülkiyyət hüququ ilə yerli sakinlər, 54-də məcburi köçkünlər yaşayıb. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin buradan köçürülməsi üçün tədbirlər görülüb. Yerli sakinlər və məcburi köçkün ailələrdən 26-sı kompensasiya alaraq bu ilin mart ayının 16-17-də yataqxanadan köçüb. Yataqxanada faktiki yaşamadıqları müvafiq dövlət orqanları tərəfindən təsbit edilmiş 27 məcburi köçkün ailəsinə isə həmin vaxt kompensasiya ödənilməyib. Bu ailələr həmin vaxtdan müxtəlif dövlət və hökumət orqanlarına müraciətlər edirlər.
Son vaxtlar onlar bir neçə dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Avqustun 13-də də komitə sədri Rövşən Rzayev bu şəxslərlə görüşüb, müraciətlərini dinləyib. Görüş qurtardıqdan sonra Novruzzadə Natiq Nadir oğlu komitənin binasını tərk etməyərək üçüncü mərtəbədə hay-küy salıb, nalayiq hərəkətlərə əl atdıqdan sonra dəhlizin pəncərəsini sındıraraq ətrafdakıların diqqətini cəlb etməklə intihara cəhd təəssüratı yaradıb.
Komitə sədri dərhal hadisə yerinə gələrək Novruzzadə Natiq Nadir oğlunu sakitləşdirməyə, onu qeyri-qanuni hərəkətlərdən çəkindirməyə çalışıb. Məhz Rövşən Rzayevin səyi və səmimi ünsiyyəti nəticəsində Novruzzadə Natiq Nadir oğlu sakitləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım çağırılıb.
Baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonunun hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Vətəndaş Novruzzadə Natiq Nadir oğlunun hərəkətlərinə lazımi hüquqi qiymət veriləcək.