Qadağan olunmuş SİLAHLAR: Onlardan hansı hallarda istifadə edilə bilər? – ŞƏRH

“Müvafiq konvensiyaları imzalayan ölkələr öz üzərlərinə həmin silahlardan istifadə etməmək öhdəliyi götürürlər”.

Bu fikirləri beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan istifadəyə əsas yaradan halların olub-olmamasını şərh edən ehtiyatda olan polkivnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Polkovnikin sözlərinə görə, məhdudiyyətə baxmayaraq, müxtəlif münaqişələrdə qadağan olunmuş silahlardan istifadə edilir:

“Qadağan olunmuş silahlardan istifadəyə dair beynəlxalq konvensiya mövcuddur və onu imzalayan ölkələr bununla bağlı öz üzərlərinə konkret öhdəlik götürüblər. O baxımdan, hərbi təcavüzə məruz qalıb-qalmamasından asılı olmayaraq, həmin konvensiyaya qoşulan ölkələr qadağan olunmuş silahlardan istifadə edə bilməz.

Yəni beynəlxalq normalarda qadağan olunmuş silahlardan istifadəyə əsas yaradan heç bir istisna yoxdur. Qadağa birmənalıdır ki, özü könüllü öhdəlik götürmüş ölkələr o tələbi poza bilməz.

Amma, əlbəttə ki, haqqında danışdığımız konvensiyaya qoşulmayan ölkələr də var və qadağa onlara şamil edilmir. Çünki öhdəlikləri yoxdur. Ümumiyyətlə, bu tək qadağan olunmuş silahlara aid məsələ deyil. Məsələn, mina əleyhinə konvensiyanı da imzalamayan çox sayda ölkə var.

Digər tərəfdən, məhduyyyətə baxmayaraq, müxtəlif münaqişələrdə qadağan olunmuş silahlardan aşkar və ya gizli şəkildə istifadə edilir. Məsələn, Qarabağ münaqişəsinin mövcud olduğu dönəmdə Ermənistan da Azərbaycana qarşı həmin silahlardan dəfələrlə istifadə edib. Ancaq, çox təəssüf ki, nə Ermənistana, nə də konvensiyanı pozan başqa ölkələrə qarşı beynəlxalq səviyyədə tədbir görülmür”.

Qeyd edək ki, Ukraynaya qarşı hərbi təcavüzə başlayan Rusiya komandanlığı ukraynalıların onlara qarşı qadağan olunmuş silahlara əl atdıqlarını iddia edib.

A.Zeynalov

COP29