Suriyalı qadının fəryadı: “Ərimin gözü önündə dəfələrlə təcavüzə uğradım və hamiləyəm” – Video

Suriyada baş verən vətəndaş müharibəsi ən çox qadın, uşaq və qocaların həyatını məhv etdi. 2011-ci ilin mart ayından bəri Suriyadakı rejim tərəfindən həbs olunan qadın sayı 6736-dır. 

Bu qadınların 6319-u yetkinlik yaşına çatmış qadınlar, 417 nəfəri isə qız uşaqlarıdır. Bunlar sadəcə rəsmi həbsxanalarda yatanlardır. Həbsxana kimi istifadə edilən boş fabrik və digər zirzəmilərdə saxlanılanların sayı bilinmir. Bəzi qadınlar həbsdəykən, doğublar, bir çoxu isə uşaqları ilə birlikdə o zindanlara salınıblar.

Bəzi qadınlara həbs olunduqları yerdə təcavüz edilib, bir çoxları hələ də təcavüzə məruz qalmaqdadırlar. İHH-nın “Kadını qoru, insanı qoru” kampaniyası məhz bu qadınların səsini dünyaya eşitdirmək üçün təşkil olunub.

Onu da qeyd edək ki, həmin həbsxanalarda sadəcə Suriya vətəndaşı olan qadınlar deyil, Azərbaycan başda olmaqla, bir çox ölkədən olan qadınlar da var. Onların bir çoxu həyat yoldaşlarını yalnız qoymamaq üçün Suriyaya gedən, daha sonra başsız qalan qadınlardır. Suriya və İraq həbsxanalarında hazırda kifayət qədər belə bir zülmə məruz qalan vətəndaşlarımız var.

Təəssüf ki, təkcə həbsxanalar deyil, Suriya və İraq yetimxanaları da ağılsız ata və analarının səhvi ucbatından kiçik yaşlarında o torpaqlara aparılan uşaqlarla doludur. O uşaqlar arasında Azərbaycandan da xeyli uşaq var.