Qadın sığınacaqlarının sayında azalmalar, psixoloji və fiziki ŞİDDƏT: “Keçmişdə qadınlar…” – HÜQUQİ ŞƏRH
Ötən günlərdə “Qadınlara qarşı zorakılıq və məişət zorakılıq işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı hesabatda qadın sığınacaqlarında hələ də 58 faizlik boşluq olduğu bildirilib. Yəni şiddət və ya cinsi zorakılığa məruz qalan qadınların müəyyən bir qismini sığınacaqlara yerləşdirməkdə çətinlik yaranır.
İnkişaf etmiş ölkələrdən biri olan Amerikaya nəzər yetirsək, orada hər ştatda “Domestic violence (DV) shelter” adlanan sığınacaqlar mövcuddur. İstər psixoloji, istərsə də fiziki şiddətə məruz qalmış bütün qadınlar həmin qurumlara müraciət edə bilərlər.
Bəs Azərbaycanda niyə bu məsələ kifayət qədər qabardılmır? Sığınacaqların artırılmamasında hansı amillər rol oynayır? Şiddətə uğramış qadınlar üçün hansı addımlar atılır?
Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən hüquqşunas Səadət Bənənyarlı bildirib ki, keçmişə nisbətən hal-hazırda sığınacaqlara olan tələbat artıb:
“Əvvəllər qadın şiddətə məruz qalanda ya ata evinə, ya da qohumlarının yanına sığınırdı. Amma indi rəsmi qurumlara və qadın sığınacaqlarına üz tutur. Sığınacaq çatışmazlığının səbəbi də budur. Düşünürəm ki, bələdiyyələrin daxilində yeni qurumlar yaradılmalıdır. Həmin yerlərdə qadınlar psixoloji yardım almalıdırlar. Bu problemə ciddi nəzarət olunmalıdır. Çünki şiddət görmüş istənilən insanla aidiyyatı qurumlar maraqlanmalıdır. Günün tələbidir ki, sığınacaqlar artırılsın.
Hətta məktəblilər arasında da bu mövzu ilə bağlı maarifləndirici işlər görülməlidir. Bir insanla ailə qurmazdan öncə bu məsələ ilə bağlı araşdırma etmək lazımdır. Çünki hər kəs anlamalıdır ki, evlənmək döymək, söyməklə keçən bir proses deyil”.
Şahanə Paşa