Türkiyədə həbs olunan Adnan Oktar və müridləri ilə bağlı araşdırma davam edir.
Yenicag.az xəbər verir ki, araşdırmalar nəticəsində sözügedən təşkilatın Azərbaycan qolu ilə bağlı da sirlər ortaya çıxıb.
Bu iddia ilə Türkiyənin “Sabah” qəzeti çıxış edib. Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktarın Azərbaycandakı 200 müridi təşkilatı həm maliyyə, həm də qadınlarla təmin edirdi.
Azərbaycanda olan 200-ə yaxın Adnan Oktar tərəfdarının Türkiyədə İbrahim Tuncer və Didem Ürerlə əlaqəsi olduğu bildirilir. Təşkilatı qadın və maliyyə ilə təmin edən Azərbaycan qolunun üzvləri Adnan Oktarın həbsindən sonra sosial şəbəkə vasitəsi ilə “ilahiyyatçı”ya tam dəstək verməsi də diqqətdən yayınmayıb. Hazırda həmin şəxslər barədə araşdırmaların aparıldığı bildirilir.
Bundan başqa Adnan Oktarın həbsdən sonra ölkədən qaçan müridlər barəsində də araşdırma başladılıb. Türkiyə İnterpol tərəfindən axtarılan şəxslərin ölkəyə geri qaytarılmasını tələb edəcək.