Bu gün Bakı Qafqaz Sport oteldə antistress layihəsinin təqdimat mərasimi və “Balance Club”un açılış tədbiri baş tutub.
Yenicag.az xəbər verir ki, tədbirdə qadınların asudə vaxtlarını daha səmərəli keçirməsi üçün yaradılan “Balance Club”un fəaliyyət proqramı barədə ətraflı məlumat verilib. Hər biri öz sahəsində böyük uğur əldə etmiş üç xanımın – ölkənin tanınmış psixoloqlarından olan Şərafət Şirinli, aparıcı və təşkilatçı Arzu Umud və maliyyə mütəxəssisi Yuliya Çukurlunun təşəbbüsü ilə yaradılan “Balance Club” qadınları stress və gərginlikdən xilas olmağa dəvət edir.
Şərafət Şirinli bu antistress layihəsinin həyata keçirilməsində əsas məqsədin qadınların şəxsi inkişafına dəstək vermək olduğunu bildirib:
“Təəssüf ki, Azərbaycanda istər evdar, istərsə də işgüzar xanımlar bir qayda olaraq özlərinə çox az vaxt ayırırlar. Əyləncə və istirahət üçün isə sadəcə hansısa məkana gedərək yemək yeyir və söhbət edirlər. Lakin biz istəyirik ki, bundan sonra belə olmasın. Qadınlar həm istirahət etsin, həm də vaxtını daha səmərəli dəyərləndirsin, həm də bilik və bacarıqlarını inkişaf etdirsin. Burada biz həmçinin xanımlarımızın fiziki sağlamlığı, mənəvi rahatlığını təmin etməyə çalışacağıq. Qadın elə bir varlıqdır ki, əgər qadın sağlamdırsa, bütün ailə sağlamdır, qadın xoşbəxtdirsə, bütün ailə xoşbəxtdir”.
Aparıcı Arzu Umud isə qeyd edib ki, klubda xanımların xəyallarını reallaşdırması üçün bütün imkanlar yaradılacaq:
“Məqsədimiz odur ki, xanımlarımız ayda ən azı iki dəfə gündəlik həyatın gərginliyini bir kənara qoyaraq, “Kaş ki bunu da edə biləydim” dediklərini reallaşdıra bilsinlər”.
Layihənin ərsəyə gəlməsində əməyi keçən digər bir təşkilatçı Yuliya Çukurlu isə qadınların istəklərinə uyğun olaraq fəaliyyət proqramının da inkişaf etdiriləcəyini söyləyib.
Qeyd edək ki, “Balance Club” bütün yaş kateqoriyalarından olan xanımlarla görüşlər keçirəcək, müxtəlif sahələr üzrə treninqlər və təlimlər təşkil edəcək. Təşkilatçılar gələcəkdə layihənin əhatə dairəsini genişləndirirək sadəcə xanımlar üçün yox, bütün ailə üzvləri üçün yararlı olacaq tədbirlər keçirməyi planlaşdırırlar.
Aytək Yusifsoy
Cəmalə Əlizadə