Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Aİİ-dən Yenicag.az-a verilən məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova, Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının dosenti, Gender Araşdırmaları Mərkəzinin direktoru Kifayət Ağayeva, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə kapitanı, psixoloq Gülşən Əliyeva, Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, “Xəzər” Psixologiya Mərkəzinin direktoru, psixoloq Mələk Kərimova, “SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası” İB-nin Milli Proqram inkişaf direktoru sosioloq Cavid İmamoğlu, ekspertlər və İnstitutun müəllim-tələbə heyəti iştirak edib.
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə sosioloq, psixoloq, yerli və beynəlxalq arenada nüfuz qazanmış peşəkarlarla davamlı görüşlər keçirir, seminar, təlim və bilik yarışmaları təşkil edir.
Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva bildirib ki, bəşər sivilizasiyanının inkişafında və bugünkü tərəqqiyə çatmasında kişilərlə yanaşı, qadınların da əvəzsiz rolu və xidmətləri vardır. Mövzunun aktuallığına toxunan Z.Əliyeva vurğulayıb ki, qadınların cəmiyyətdə rolu, ictimai və dövlət həyatında iştirakını nəzərə alaraq, İnstitutda “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Dövlət qadın siyasəti: imkanlar və perspektivlər” mövzusunda çıxış edib. O, respublikada gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova tədbirdə “Qadın və cəza” mövzusunda çıxış edərək bildirib ki, ümumi insan azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri vardır.
Tədbirdə Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının dosenti, Gender Araşdırmaları Mərkəzinin direktoru Kifayət Ağayeva “Qərbdə müsəlman qadınların üzləşdikləri problemlər: mövcud vəziyyət və perspektivlər” mövzusundan çıxış edib. K.Ağayeva bildirib ki, qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Müasir dövrdə qadınlara qarşı zorakılıq və dəstək proqramları” mövzusunda çıxış edib. O, ailədə şiddət görən qadınların və uşaqların üzləşdikləri çətinliklərə toxunub.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslamda qadın hüquqları” mövzusunda çıxış edib. O, İslamın qadını müstəsna bir məqama yüksəltdiyini bildirib.
“Xəzər” Psixologiya Mərkəzinin direktoru, psixoloq Mələk Kərimova “Qadın psixologiyası: qadınların problem həll etmə və düşüncə tərzi” mövzusunda çıxış edərək, qadınlar və gənc qızların məişət, cinsi və məcburi evlilik kimi zorakılıqların müxtəlif formaları ilə üzləşdiklərini qeyd edib.
“SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası” İB-nin Milli Proqram İnkişaf direktoru, sosioloq Cavid İmamoğlu “Qadınlara qarşı ayrı-seçkilik və zorakılıqla mübarizədə dinin rolu” mövzusunda məruzəsində dünyada insan hüquqlarının ən ciddi pozuntularından olan qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığında danışıb.
Tədbirdə ekspertler – Milli Məclisin Sosial Qanunvericilik Şöbəsinin Gender Məsələləri sektorunun müdiri Fidan Nəbiyeva, ADU Regionşünaslıq kafedrasının baş müəllimləri Günay Feyziyeva, Sevinc Qurbanova və Xəyalə Ağayeva çıxış edərək, “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda təəssüratlarını bölüşüb və təkliflərini diqqətə çatdırıblar.
Tədbirdə qadının müasir cəmiyyətdə yeri və rolu, bu istiqamətdə aparılan işlər, mövcud problemlər, perspektivlər müzakirə edilib.