Qadınlar kişilərdən az maaş alır: Gender bərabərsizliyi, yoxsa… – Sosioloq səbəbini açıqladı

Rəsmi məlumata görə, ölkə üzrə muzdla işləyən qadınların orta aylıq əmək haqqı 552,2 manat, kişilərin orta aylıq əmək haqqı isə 851,7 manat olub.

Qadın və kişilərin maaşı arasındakı kəskin fərqlə bağlı sosioloq Lalə Mehralı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, kişilərdən fərqli olaraq qadınların işlə bağlı seçim imkanları olduqca aşağıdır. Bu isə qadınların az maaşlı işlərə üstünlük verməsinə yol açır:

“Sözügedən statistik məlumat bir qədər də gender bərabərsizliyinin təməlini qoyur. Mental tərəfdən yanaşsaq, kişi və qadın əməyinin bir-birindən fərqli olduğunu etiraf etmək lazımdır. Lakin bərabər əmək tələb edən işlərdə maaş da eyni olmalıdır. Əgər kişi qadından daha çox enerji və əmək sərf edirsə, bu halda maaşında artımın olması normaldır. Kişilərin əskəriyyəti fiziki güc tələb edən işdə çalışır və bu, statistik göstəricilərdə özünü büruzə verir. Qadınlar bir çox hallarda ofisdaxili və ya nisbətən yüngül işlərdə çalışırlar. Elə qadınlar var ki, olduqca ağır şərtlər altında işləyirlər.

Əgər kişi ailə başçısıdırsa, onun aşağı maaşlı işdə çalışmaq kimi şansı yoxdur. Çünki ailəsi onun qazandığı məvacib hesabına dolanır. Ailəli qadınlar adətən az maaşlı işdə çalışmağa da üstünlük verirlər. Düşünürlər ki, az da olsa evə əlavə gəlirin gəlməsini təmin edə bilirlər. Nəzərə almaq lazımdır ki, yüksək maaşlı iş yerlərində iş yükü də çox olur. Ona görə də qadınlar nisbətən az gəlirə qane olurlar. Bundan başqa, qadınların seçim imkanı zəifdir. Qadınlar hər mühitdə ola bilmirlər. Kişilər üçün bu cür seçim yoxdur və onlar istənilən mühitdə çalışa bilirlər”.

Gülşən Şərif

COP29