Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Qadınları lüt soyundurub, ülgüclə doğrayır, dişlərini çəkirdilər…” – 4 körpəsi ilə əsir düşmüş xocalılı polis arvadı

Xocalı faciəsindən 26 il ötür.

Zaman nə qədər keçsə də, faciənin yarası hələ də köz bağlamayıb. Xocalılarla söhbət zamanı gözlər dolur, hadisəni həyəcanla, əsəblə, yenidən yaşayırmış kimi anlatırlar.

Xocalıların kompakt şəkildə yaşadığı Goranboy rayonu Ağcakənd ərazisindəki qəsəbəyə yollanırıq. Xocalı sakinləri ilə söhbət zamanı ən çox eşitdiyim güley-güzar bu oldu: “niyə hamı bizi ancaq bu faciənin ildönümü ərəfəsində arayıb- axtarır?”. Burda hərənin öz dərdi, öz problem var. Amma onların hər birini birləşdirən bir dərd var: Xocalı. Bu insanların hər biri canlı tarixdir… Oxunmaqla bitməyən, dinləməklə qurtarmayan, gündən-günə yaraları dərinləşən bir tarix… Bu tarixin bir qəhrəmanı da var – Mehriban. O, həmin qanlı gecədə 4 körpə uşağı ilə əsir düşmüş, həyat yoldaşı şəhid olan bir anadır… bir gecənin içində saçları dümağ ağaran bir ana…

Yenicag.az Mehriban Bəkirova ilə müsahibəni sizə təqdim edir:

Mehriban Ramiz qızı Bəkirova – 1962-ci ildə Beyləqanda doğulub. 1990-cı ildə Xocalıda məskunlaşıblar. Mehriban Bəkirova məhsəti türküdür. 2 dəfə vətənindən didərgin düşüb: birinci dəfə Özbəkistandan, ikinci dəfə isə Xocalıdan.

– Necə oldu ki, Xocalıda məskunlaşdınız?

– 1989-cu ildə Xalq cəbhəsi Xocalıda könüllü yaşamaq istəyənləri yığırdı. Həyat yoldaşım dedi ki, Xocalı həm yeni salınır, həm də havası gözəldir. Qərar verdik ki, oraya köçək. Orada bizə ev verdilər. 1990-cı ildən orada yaşamağa başladıq. 1991-ci ildən Xocalıda vəziyyət dəyişməyə başladı.

– Fevralın 25-dən 26-a keçən gecəyə qədər Xocalıda olmusunuz. Hücum necə başladı, xatirinizdə necə qalıb?

– Fevralın 23-24-ü qızğın döyüşlər gedirdi. Ayın 25-ə qədər müqavimət göstərildi. Artıq 25-i bilirdik ki, ermənilər şəhərə girəcəklər. Hər 5-6 evdənbir insanların gizlənməsi üçün zirzəmilər mövcud idi. Yoldaşım polis işçisi idi. Gətirib bizi həmin zirzəmilərdən birinə saldı. Həmin günü körpə qızımın dünyaya gəldiyi üçüncü gün idi. 1 gün zirzəmidə qaldıq. 25-i gecə 2-3 radələrində gördük ki, döyüş şiddətlənir. Səs daha da yaxından gəlir. İşıqlarımız yox idi. Çıraq yandırmışdıq. Zirzəmi tərəfə iki ədəd qumbara atdılar. Çıraqlarımız da söndü. Bir məhsəti türkü, bir də azərbaycanlı kişi dedilər ki, ağ bayraq qaldıraq çıxaq ki, uşaqlara, qadınlara zərər verməsinlər. Onlar pilləkənlə yuxarı çıxanda ermənilər onları gülələdilər. İkisi də pilləkəndən aşağı düşdü. O kişiləri öldürəndən sonra ratsiya ilə əlaqə yaradıb soruşdular ki, çoxlu sayda adam tutmuşuq, əsir götürək, yoxsa öldürək? Dedilər ki, sağ qalanları əsir götürüb gətirin. Yoldaşımdan xəbərim yox idi. Məndən soruşdular ki, kimsən, ərin kimdirsə yerin de, səni 3 günlük körpə ilə burada saxlamayaq, azad edək, get. Rusca yaxşı bilmirdim, yanımdakılar mənə dedilər ki, ərin haqqında məlumat vermə. Yalandan dedim ki, ərim tikintidə işləyir. Elə o anda erməni avtomatın qundağı ilə başıma vurdu və kiçik bir şəkil göstərdi ki, bu, sənin yoldaşındı, özü də polisdir. İkinci dəfə başıma vuranda dişlərim töküldü. Mənə dedilər ki, yoldaşının yerini de, səni azad edək. Təkrar dedim ki, harada olmasından xəbərim yoxdur. Ondan sonra bizə əziyyət verməyə başladılar. Elə adamlar vardı ki, qulağını kəsir, dişlərini çəkirdilər. Xocalını aldıqdan sonra şəhəri talan etməyə başladılar. Bizi səhər açılandan sonra Xankəndinə apardılar.

– Sizi Xankəndinə hansı yolla apardılar?

– Əvvəl taxıl sahələri ilə apardılar, sonra çıxartdılar asfalt yola… Maşınlar gəldi, bizi maşınlara yığıb, apardılar Xankəndinə.

– Neçə nəfər idiniz və Xankəndində nə qədər qaldınız?

– 67 nəfər idik. Bizi Xankəndində 15 gün saxladılar. Saqqallı ermənilər gəlib, deyirdilər ki, “Qarabağ erməninindir, yoxsa türkün?”. Deyəndəki bizimdir, işgəncə verirdilər.

– Necə?

– Kişilərin qulağını kəsirdilər, avtomatla döyürdülər, ülgüclə bədənlərimizə çapıq atırdılar, qadınları kişilərin qabağında lüt soyundururdular…

– 3 günlük körpənizin taleyi necə oldu?

– 4 uşaqla əsir düşmüşdüm. Böyük uşağım 4, o biri 3, oğlum isə yaşyarımlıq idi. Bir də qucağımda 3 günlük körpə… Xocalıda “padval”dan çıxanda 3 günlük körpəm bələkdən düşmüşdü. Bizi piyada aparanda xəbər gəldi ki, Viktoriya İvleva adlı qadın uşağı tapıb. Bilirdilər ki, 3 günlük körpə mənimdir. Halım yox idi. Bir onu gördüm ki, gətirib qucağıma uşağı qoydular. Əvvəl elə bildim ki, uşaq donub ölüb. Gördüm ki, nəfəsi gedib-gəlir. Həmin vaxt Viktoriya mənə çox köməklik etdi. Ermənilərə dedi ki, bu körpə uşaqlıdı, ona zərər verməyin.

Əsirlər dəyişilən zaman Viktoriya mənə 50 manat pul verdi ki, buradan çıxandan sonra harasa gedib özümüzə paltar, yemək ala bilək. Viktoriya pulla bir yerdə mənə telefon nömrəsini də vermişdi. Mən o nömrəni itirdim.

– Viktoriya ilə sonradan əlaqə saxlaya bildiniz?

– Viktoriya məni Mehparə adı ilə çox axtarıb. Mənim özümə gəlib deyirdilər ki, məhsəti türklərindən Mehparəni tanıyırsan? Deyirdim, yox. 2010-cu ildə fevralın 6-7-i mənə dedilər ki, səni çağırırlar. Gördüm 2 maşın dayanıb, qapının ağzında. Mənə şəkil göstərdilər ki, bu şəkil kimindir? Dedim, mənimdir. Adımı soruşdular, dedim Mehriban. Həmin şəxslər Viktoriya xanımla görüntülü danışdılar, dedilər, tapmışıq. Fevralın 11-də özü gəldi görüşməyə. Özümə, uşaqlara hədiyyələr gətirmişdi. Bunlardan əlavə o zaman çəkdiyi şəkilləri də mənə verdi.

Xocalı alınan gün üçgünlük olan qızım 20 yaşında rəhmətə getdi. Dövlət tərəfindən də dəstək olundu, amma hara apardıq həyatını xilas etmək mümkün olmadı. Viktoriya mənə dedi ki, uşağı Moskvaya aparıb, müalicə elətdirəcəm. Bir gün də zəng elədi ki, bəs Novruz bayramından sonra gəlib, uşağı müalicəyə aparacaqlar. Onda artıq qızım ölmüşdü. Viktoriya xanıma dedim ki, qızım torpaqdadır.

– Yoldaşınızdan xəbər tutdunuz?

– Yoldaşım Abdulla Həmzəyev yaxşı döyüşçü idi. O, Ağdamın Gülablı kəndindəki döyüşlərdə şəhid oldu. Əsirlikdən qayıdandan sonra mənə dedilər ki, yoldaşın ölüb. 3 gün idi ki, erməni zülmündən qurtulmuşduq. Beyləqan xəstəxanada müalicə olunurduq. Mən də, uşaqlarım da çox pis vəziyyətdə idik. Yoldaşımın ölüm xəbərini də elə xəstəxanada aldım. Deyirdim, qoyun gedim, onun meyidi ilə vidalaşım, imkan vermədilər.
Həmişə bu tarix gələndə gözümüz dolur. Biz nələr yaşamışıq. (ağlayır)

– Sizinki lap dəhşətli həyatdır. 2 dəfə didərgin düşmüsüz…

– Birinci dəfə Özbəkistandan, sonra da Xocalıdan. Yoldaşımın Xocalıdan xoşu gəlirdi. Deyirdi, oranın havası da, suyu da gözəldir. Əvvəlcə Şuşada 6-7 ay yaşadıq. Çünki Xocalıdakı evlər hazır deyildi. Ondan sonra köçdük. Yoldaşım əvvəlcə fəhlə işləyirdi. Traktor sürürdü. Ermənilər ilk dəfə Xocalını atəşə tutanda yoldaşım çox fəallıq göstərdi. Elə ona görə onu polisə dəvət etdilər. Yoldaşım Xocalı aeraportunda Əlif Hacıyevlə çiyin-çiyinə işlədi, sonra da döyüşərək şəhid oldu.

– Sizi hansı istiqamətdə dəyişdilər?

– Ağdam tərəfdən… Allahverdi Bağırov çox kömək elədi. Bizi yeməklə, paltarla təmin etdi. Gecə orada qala bilmədik. Atışma düşdü. Bizi maşınlara mindirib, Ağcabədi yoluna gətirdilər ki, ölüm-itim olmasın. Allah Allahverdi Bağırova da rəhmət eləsin, heyif onun kimi oğuldan…

– Son olaraq nə deyə bilərsiniz?

– Çox istəyərəm ki, təkcə bu tarixdə yox, bizi tez-tez yad etsinlər. Demirəm, bizə nəsə yardım-filan etsinlər, sadəcə maraqlansınlar, bu, çox böyük bir işdir bizim üçün. Xocalıların diqqətdən başqa heç nəyə ehtiyacı yoxdur.

Səxavət Məmməd

www.yenicag.az

7277
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM