Qadınların HƏRBİ MÜKƏLLƏFİYYƏTİ: “Zərif cins”in nümayəndələri ölkə xaricinə buraxılmayacaq?

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynada qadınların hərbi uçota götürülməsinə dair qərar qəbul edilib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynada Rusiyanın hərbi təcavüzü ilə əlaqədar elan olunan ümumi səfərbərlik çərçivəsində bu il oktyabrın 1-dən etibarən qadınların hərbi uçota götürülməsinə başlanacaq.

Bu qərarı şərh edən Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv bildirib ki, bu halda qadınların ölkə ərazisini tərk etmələrinə məhdudiyyət qoyulmayacaq:

“Fikrimcə, hətta hərbi mükəlləfiyyətli qadınların sərbəst hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək. Əlbəttə, həkim və digər peşə sahiblərinə olan ehtiyacı nəzərə alsaq, o zaman bəzi qadınlar artıq hərbi qeydiyyata alınmalıdırlar.

Ali Rada fərqli qərar da qəbul edə bilər. Lakin insanlar şüurlu davranacaqlarsa, o halda qadınlar üçün heç bir qadağa olmayacaq”.