Tanınmış jurnalist Qadir İbrahimlinin vəziyyəti çox ağırdır.
Bu barədə Lent.az-a onu müalicə edən həkim Vidadi Həsənov məlumat verib.
Həkim bildirib ki, Qadir İbrahimlinin bütün orqan sistemləri pozulub:
“Qadir İbrahimlinin vəziyyəti çox ağır olaraq qalır. Qaraciyər çatışmazlığı, alkoqol mənşəli sirroz, şəkər problemləri var. Bütün orqanlar sistemi pozulub. Hazırda da vəziyyəti çox pisdir. Allah şəfa versin!”.
***
15:43
Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib.
Onun sözlərinə görə, Q. İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: “Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”
TƏBİB-dən APA-ya verilən xəbərə görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.
***
12:35
Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib.
Bildirilib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:
“Hazırda o, xəstəxanada müalicəsini davam etdirir”.