Qafqaz Müsəlmanları İdarəsi nə zaman ləğv ediləcək? – Ekspert açıqladı

скачанные файлыElşad Miri: “…hər şey sıfırdan təkrar inşa edilməlidir”

Son zamanlar bir sıra siyasilər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ləğv olunması təklifilə çıxış etməyə başlayıb. Belə təklifdə bulunanlardan biri də ADP sədri Sərdar Cəlaloğludur.

Lakin ilahiyyatçı Elşad Miri bu məsələdə fərqli mövqedən çıxış edir. Yenicag.az-a açıqlamasında o bildirdi ki, QMİ-nin gələcək taleyilə bağlı 3 təklifin olması və onlardan birinin reallaşması daha məqsədəuyğundur: “QMİ-nin ləğv olunması təklifinə 3 alternativ təklif edərdim. Türkiyənin Diyanət İşləri Başqanlığı kimi bu məsələ ilə bağlı olaraq konkret bir qurum fəaliyyət göstərməli və pərakəndəlik olmamalıdır. Çünki Türkiyədə Diyanət İşləri Başqanlığı baş nazirliyə bağlı bir dövlət qurumudur. Orada təyin olunan imamlar da dövlət məmuru kimi maaşlarını alır. Xütbələr də təbii ki, bir bazadan gəlir. QMİ-nin taleyilə bağlı ən maraqlı təklif fikrimcə bu olardı. Hazırda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ehsan məsələsilə bağlı gözəl bir təkliflə ortaya çıxır. Amma görürük ki, rəhbərlərindən gələn tapşırıqdan sonra QMİ-nin axundları, imamları buna etiraz edir. Belədə QMİ rəhbərliyi bu addımın atılmasına imkan vermir.

İkinci bir tərəfdən, həmin qurumun səlahiyyətləri ləğv edilib və Dini Qurumlarla İş üzrə Komitə ilə birləşdirilir. Üçüncü bir tərəfdən, QMİ-nin bu günə qədər dinlə bağlı ölkədə baş verən problemlərin əsası olaraq götürülüb kökündən ləğv edilməsi də baş verə bilər.

Düşünürəm ki, bu planlar hazırda QMİ sədrinin olduğu zamanda deyil, sonrakı dövr üçün nəzərdə tutulub. Çünki sonrakı dövrdə belə bir quruma ehtiyacın olub-olmadığı yəqin ki, düşünülür. Hər halda QMİ-nin taleyilə bağlı 3 alternativdən birinin həyata keçirilməsi daha doğru olardı. Yaxud da QMİ-nin özündə ciddi islahatlar aparılımalı, orada hər şey sıfırdan təkrar inşa edilməlidir. Burada kadr islahatlarından tutmuş mövcud mexanizmin hamısı dəyişməlidir. Çünki 30-40 ilə yaxındır ki, həmin quruma rəhbərlik edən şəxslər ilk gəldikləri gündəki dövrün, yaşayışın, dinin formasını bu günümüzə eyni şəkildə tətbiq edir və günümüzün texnologiya əsrilə ayaqlaşa bilmirlər. Quruma həm də məqsədyönlü qurum kimi də baxılır” .

 

ELÇİN