“Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı üçün 10 manat məbləğ təyin etməsi fiqh üsuluna ziddir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər geniş müzakirəyə səbəb olan fitrə zəkatının məbləği haqda danışan araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyib.
Onun sözlərinə görə, Fitrə zəkatı dənli bitkilərin, yaxud xurmanın 3 kiloqramının dəyərində müəyyən edilir:
“Qafqaz Müsəlmanları İdarəsinin fitrə zəkatı üçün 10 manat məbləğ təyin etməsi fiqh üsuluna ziddir. “Fitrə zəkatı dənli bitkilərin, yaxud xurmanın 3 kiloqramının dəyərində müəyyən edilir. Bu məhsulların dəyəri qarşılığında pul, yaxud ərzağı fitrə zəkatı olaraq vermək olar. Həmin məbləğ ailə üzvlərinin sayına vurularaq, toplanır və fitrə zəkatı olaraq imkansız və yoxsul ailələrə verilir. Bu, İslam məzhəblərinin hər biri üçün keçərlidir. Yalnız “Şafii” məzhəbində həmin məhsulların əvəzində pul və ərzaq verilməsi icazəli sayılmır” – deyə o əlavə edib.
Jurnalist qeyd edir ki, əgər imkanlı insanlar anlaya bilsə, verdikləri onların sərvətlərini azaltmır, əksinə, bərəkətini artırır:
“Bu, imkanı olan insanlar üçün bir imtahandır. Fitrə zəkatı orucluğun sonuncu imtahandır. Hikməti də budur ki, Allahın razılığını qazanmaq üçün nə qədər comərd olmağın sınağını göstərir. Oruc elə istisna ibadətdir ki, onu göstəriş üçün tutmaq mümkün deyil. Çünki kimin oruclu olub, olmadığını Allahdan başqa kimsə bilməz. Amma zəkatı Allahdan başqa çoxları görür. Mükafatını Allahdan olduğunu bilənlər üçün zəkatda bir ibrət var”.
R.Mirhəşimli əlavə edib ki, fitrə zəkatının məbləğinin milli valyuta ilə göstərilməsi dini qayda sayıla bilməz:
“Dini hökm müsəlmanları əmrləri icra etməyə çağırışdır, vətəndaşları vergiyə cəlb etmək üsulu deyil. Bu qayda müsəlmanın öz ölkəsində ən çox istifadə olunan dənli bitkilərin, yaxud xurmanın 3 kq dəyərində ərzaq, yaxud pulla verilməsini uyğun görür. Kimin bu məhsulların dəyəri hesablandıqdan sonra hansına gücü yetirsə, onunla hesablayıb, verməlidir. Fitrə zəkatının verilməsi ilk şərt olaraq, imkanı olanlar üçün vacibdir. Çünki fitrə zəkatının verilməsində əsas şərt imkanı çatanların verməsidir. Fitrə zəkatını verməyə imkanı olmayanlar buna mükəlləf deyil. Bütün ibadətlər imkanı olanlara vacibdir. İkincisi, fitrə zəkatı verməyə imkanı olanlar hansı məhsulun dəyərində verə bilirsə, onun üçün vacib olan həmin məhsulun 3 kq dəyəri keçərlidir. Məsələn, nisbətən imkanı az olanlar 3 kq buğdanın dəyərini ailə üzvlərinin sayına uyğun hesablayıb, bu qaydada fitrə zəkatı verə bilər. Allah hər kəsin tutduğu orucu, etdiyi duaları və verdiyi zəkatları qəbul etsin!”
Bu barədə Yenicag.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan qeyd edir ki, fitrə zəkatının verilməsində ən ucuz məhsul arpa və buğdadır:
“Ümumiyyətlə, fitrə zəkatının verilməsində bir neçə məhsuldan bəhs edilir. Onlardan ikisi arpa və buğdadır. Bu məhsullar da ən ucuz olanlarıdır. Bu məhsullarla müqayisədə xurma, kişmiş kimi nemətlər nisbətən bahadır.
Ola bilsin ki, Qafqaz Müsəlmanlar İdarəsi həmin bahalı məhsullara baxaraq, zəkatı hesablayıb. Bu qiymətlər Peyğəmbər hədislərində ona görə təsnifatlandırılıb ki, kimin imkanı hansı məhsula çatarsa, fitrəni də həmin məhsulla versin. Yəni imkanı olan xurmadan, olmayan isə buğdadan verə bilər. Mən görürəm ki, vətəndaşlarımız da bu işə bir az biganə yanaşır və hər dəfə bu mübahisələr baş verir.
Qafqaz Müsəlmanları İdarəsinin hansı hədisə əsaslanaraq, fitrə zəkatını necə hesablamasını deyə bilməsəm də, onu deyə bilərəm ki, məsələ dediyim kimidir”.
İsmayıl Bakuvi